Qara sevda...

Qara sevda...

20-05-2017 15:06 / Bu xəbər 1533 dəfə oxundu

Hüseynbala Səlimov

Yox, ağlınıza da gəlməsin ki, Türkiyə telekanallarının birində verilən serial haqqında nəsə yazmaq istəyirəm. Həyatımızın ağır və üzücü bir seriala çevrildiyi vaxt bunun heç mənası olardımı?..

Amma sözümü Türkiyə tərəfdən başlayacam. Bəlli səbəblərdən bu ölkədə çox da sevilməyən, fəqət, insafən çox yaxşı, hətta gözəl bir yazıçı olan O.Pamukun "Qar” romanında bir cümlə vardır: "Burada insanlar ya ölmək, ya da çıxıb getmək haqqında düşünürdülər...”...

Deyinmək kimi alınmasın, ilk dəfə bu cümləni oxuyanda elə bildim ki, elə indinin Azərbaycanı haqqında yazılıb bu sözlər. Bilmirəm, bəlkə də bu ölkədə yaşamaq başqaları üçün, hətta ola bilsin, çoxu üçün xoşdur. Elə mənim də nə olursa – olsun, onu başqa bir ölkəyə dəyişmək fikrim yoxdur. Həm yaş artıq o yaş deyil, həm də bu ölkəyə çox bağlanmışam...

Amma həqiqəti deməyə də bilmirəm. Ən azı ona görə ki, həqiqəti demək, yazmaq bir növ mənim və dostlarımın peşəsinə çevrilib, bizim də çörəyimiz həqiqəti deməkdən və ya yazmaqdan çıxır... 

Yenə də elə alınmasın ki, guya ölkədə həqiqəti yalnız bizlər bilirik, yox, onu çoxu bilir, sadəcə, insanların əksəriyyəti dilə gətirməyə ehtiyat edir. Lovğalıq olmasın, biz isə bunu bacarırıq... 

Qərəz, həqiqəti deməyin bir üstünlüyü var: deyilməklə sanki o, həyata vəsiqə alır və bizim ardımızca onu deyənlərin sayı artır...

Amma getdikcə yamanca, olduqca çətin bir işə çevrilir onu demək və yaxud da yazmaq. Hətta bu xüsusdakı yasaqları izləməyə adamın macalı qalmır – birini söyləyib, yerli-yataqlı öyrənib başa çatmamış digəri gəlir gündəmə...

Bəli, ilk baxışda biz jurnalistlər guya ki, "hərtərəfli qayğı” ilə əhatə olunmuşuq. Gəl, məsələ də elə bu "qayğı”nın, "diqqət”in çoxluğundadır. Yox, bəzi məqamaları mən də başa düşürəm. Anlayıram ki, ölkədə tədricən müxalif jurnalistika yerini müstəqil jurnalistikaya verməli idi. 

Əslində müxalif jurnalistika deyilən fenomen daha çox partiyalı media  idi. Vaxtlilə ölkədə çoxlu partiya mətbuatı vardı və hər bir partiya birinci növbədə qəzetini təsis edirdi. Amma onların bir hissəsi tədricən çıxdaş oldu, fəaliyyətini dayandırdı, qalanları isə müstəqil qəzetlərə çevrildilər.  

Düşünmək olardı ki, bununla bizim yazılı mediamız ikinci nəfəs və yaxud da ikinci ömür tapacaqdı. 

Ona görə ki, müstəqil mediaya münasibət tamam dəyişməli idi, jurnalistlərə inam və güvənc artmalı idi, çünki onların proseslərə baxışı əvvəlki illərdən kəskin şəkildə fərqli duruma gəlmişdi. 

Məsələ bundadır ki, müxalifət mediası ilə müstəqil media arasında prinsipial fərq vardır, hətta psixoloji yanaşma da fərqlidir. Əgər müxalif media proseslərə daha çox neqativ prizmadan yanaşır, hər yerdə ilk növbədə qüsur və yaxud çatışmazlıq arayırdısa, müstəqil media haqqında bunu demək olmurdu və ən əsası da müstəqil media müxalif mediadan fərqli olaraq hər hansı ciyasi cinahı təmsil etmirdi, hakimiyyətə iddialı deyildi...

Qərəz, formal məntiq deyirdi ki, müstəqil mediaya hakimiyyətin də münasibəti tamam fərqli olacaqdır. Düzdür, fərq oldu, amma tamamilə başqa səpkidə- müxalifətin əsarətindən qurtulmuş medianın müstəqillik ömrü çox çəkmədi, tez zamanda hakimiyyət onu elə çərçivələrə saldı ki, müxalifətçi siyasilərin bu, heç ağlına belə gəlmirdi... 

Nə isə, başınızı çox ağrıtmaycam. Bayaqdan demək istədiklərimi bir qədər böyük girişdən sonra daha yığcam ifadə etməyə çalışacam. Son bir ayda müstəqil media iki ciddi zərbə aldı. Biri budur ki, ölkədə rəsmi şəkildə bir sıra saytların bloklanmasına start verildi. Amma bu da hamısı deyil və bunun ardınca şəffaflıq adı ilə qəzetlərin maliyyə əməliyyatlarının məhdudlaşdırılmasına yönələn daha bir qərar verildi... İndi hər media adamı bircə sual üstündə düşünür: görən, necə olacaq? Bəndəniz də hələ də ümid edir ki, bir çıxış yolu tapılacaq. Amma indiyədək ümidlərimin heç olmasa, bircə faizi gerçək olsaydı o halda sizi də məndən nümunə götürməyə və ümid etməyə səsləyərdim. Təəssüf ki, belə deyildir, ümid edə-edə özüm də ayılıb gördüm ki, hamıdan geri qalmşıam və həyat keçib gedib...

Sonda daha bir vacib "mətləb”ə də aydınlıq gətirim. Yazının adını ona görə "Qara sevda” qoydum ki, bu ölkədə azadlıq sevgisi dönüb lap qara sevda oldu. Bizim də suçumuz azadlıq istəməyimiz, azadlığı sevməyimiz oldu. 

Azadlığı sevə-sevə bir də ayılıb gördük ki, Nobel mükafatlı digər yazar İ.Başeviçin qəhrəmanlarından birinin dediyi kimi "Öz azadlığımızın əsiri olmuşuq”...

Yox, bundan heç də peşiman deyilik. Amma yaman ağırdır bunun yükü...

Qaynarinfo.Az