"QHT Şurasının DTX və Baş Prokurorluğa müraciəti yanlışdır" - ŞƏRH

10-03-2017 20:20 / Bu xəbər 1815 dəfə oxundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə  müraciət edib.

Bu barədə APA-ya QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. F.Qurbanov www.obyektivinfo.az, www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az  vəwww.uluyol.info saytlarında Şura haqqında  dərc olunmuş böhtan, şantaj və təhqir hallarının araşdırılması xahişi ilə Zakir Qaralova və Mədət Quliyevə müraciət göndərdiyini qeyd edib. 

"Şuranın rəsmilərinə biriləri izah etsin ki..."

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə Toplum.TV-yə deyir ki, müraciətin ünvanı Baş Prokurorluq və DTX olmamalıdır: "Belə bir müraciətin qanuna uyğun olmadığını düşünürəm. Şəxsin şərəf və ləyaqətini müdafiə etmək hüququ şəxsi hüquqdur. Əgər müraciət böhtan və təhqirdən müdafiə məqsədi daşıyırsa, o zaman tam qaydasında məhkəmədə müzakirə oluna bilər. Bunun predmeti prokurorluq  və ya DTX deyil. Çünki bu sahədə araşdırma aparmaq, sadəcə məhkəmənin hüququdur və məhkəməyə də şəxsən müraciət olunur. Bu baxımdan belə bir müraciətin qanuna uyğun olmadığını düşünürəm və yəqin ki, Baş Prokurorluq və DTX müraciətlə bağlı rəsmi cavab verəcək. Prokurorluq, sadəcə, Cinayət Məcəlləsinə yeni əlavə olunan 148-1-ci maddə çərçivəsində araşdırma apara bilər. Həmin maddənin predmetində isə anonimlik var”.
"Ona görə də Şuranın rəsmilərinə biriləri izah etsin ki, böhtan, təhqirə görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilir, o qurumlara yox. Üstəlik kim olduğu bilinirsə. Bu xəbərdarlıq məsələsi hüquqi baxımdan doğru deyil. Əgər söhbət konkret diffamasiyadan gedir və ünvanlıdırsa, bu ancaq məhkəmə qaydası ilə olar. Amma bu anonim hesablardan olarsa, 148-1 çərçivəsində prokurorluğa müraciət edilər. İndi prokurorluq çağırıb xəbərdarlıq etsə, bu da qanuni səlahiyyətlərdən kənar qiymətləndiriləcək. Prokuror vətəndaş və vəzifəli şəxsi əməlinə görə xəbərdarlıq edə bilər. Amma diffamasiyada prokurorun səlahiyyəti, sadəcə, anonim təhqir və böhtandadır, onu da 2016-cı ilin noyabrında gətiriblər. Cinayət Prosessual Məcəllədə bu aydın göstərilib. Burada isə anonim deyil, konkret məlum tərəflərdir. Odur ki, yalnız məhkəmə mübahisəsi ola bilər və sübutlar təqdim edilərək...", - deyə hüquqşünas bildirib.

"Medianın gözünü qorxutmaq istəyirlər" 

Media hüququ üzrə ekspert Xalid Ağəlıyev də  hər hansı bilginin böhtan, təhqir  və ya şantaj məzmunlu olmasına məhkəmələrin qərar verməli olduğunu deyir:
 
"Təəssüflər olsun ki, ölkəmizdə media azadlığına təsir göstərən xoş olmayan təcrübə mövcuddur. Bu təcrübə baxımından dövlət qurumları rahatlıqla media qurumlarını çək-çevir edə, onun gözünü qorxudacaq addımlar ata bilir. Bu müraciət də mövcud təcrübənin media üçün xoş olmayan təzahürlərindən biridir. Hər bir şəxsin, eləcə də qurumun özünü, nüfuzunu böhtandan, şantajdan qoruma haqqı var. Bu baxımdan müraciəti o qədər də qeyri-adi hesab etmirəm. Ancaq bunun yolu məhkəmədir. Hər hansı bilginin böhtan, təhqir  və ya şantaj məzmunlu olmasına məhkəmələr qərar verməlidir. Prokurorluq kimi digər qurumların məsələyə müdaxiləsi, birmənalı olaraq, medianın gözünü qorxutmuş olur. Medianın işinə bu şəkildə müdaxilə onu istər-istəməz tənqiddən çəkindirir. Bu da sözsüz ki, ifadə azadlığına müdaxilə anlamına gəlir. Medianın bu şəkildə şək-çevir edilməsinə QHT-lərlə, vətəndaş cəmiyyəti ilə sıx işləməli olan dövlət qurumunun rəvac verməsi xüsusilə üzücüdür. Həmin qurum özü media ilə təmas qurub müzakirə aça, yanlış saydığı bilgilərin realda nədən ibarət olmasını anlada bilər”.

"Qərəzli məqalələr yayımlanıb" 

QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun sözlərinə görə, ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına  və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb:
 Related image
"Bunlardan bəziləri Mətbuat Şurasına müraciətimizdən sonra üzr istəyərək, peşmanlığını ifadə etsə də, bundan nəticə çıxarmayan elektron media qurumları var. Ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına  və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb. Bu cür saytları dəfələrlə yayımladıqları "məqalələrə” görə real araşdırmalar aparmağa dəvət etsək də, bütün suallarını cavablandırmağa hazır olduğumuzu bildirsək də, onlar bundan yayınmaqla əsl məqsədlərinin şantaj və böhtan olduğunu göstərib”.

Alya A.