Səhiyyə naziri jurnalistin həbsini tələb edir

Səhiyyə naziri jurnalistin həbsini tələb edir

10-06-2019 15:23 / Bu xəbər 181 dəfə oxundu

Oqtay Şirəliyev Teymur Kərimovun cəzalandırılmasını istəyir

Mayın 18-də Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib, onkoloji xəstə olan anasının müalicəsi üçün rüşvət tələb olunduğunu, pulu olmadığına görə paltarlarını satdığını deyən jurnalist Teymur Kərimovun üç ilə qədər həbsi tələb olunur. 

Tələbkar da şəxsən səhiyyə nazirinin özüdür.

Oqtay Şirəliyev jurnalistin Cinayət Məcəlləsinin 147.2 və 148-ci (böhtan və təhqir) maddələrilə cəzalandırılması üçün məhkəmədə iddia qaldırıb. 

Nazir xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində T.Kərimova bu maddələrdəki maksimum cəzanın verilməsini istəyir. Maksimum cəza isə 3 il azadlıqdan məhrumetmədir.

İyunun 14-də Nəsimi Rayon Məhkəməsində bu iddia üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Nazirdən əvvəl Səhiyyə Nazirliyinin adından məhkəmədə jurnalistə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılmışdı. Həmin iddiada jurnalistin Cinayət Məcəlləsinin 147.2 maddəsilə cəzalandırılması istənilirdi. T.Kərimovun vəkilləri sözügedən iddianın icraata götürülməsinə etiraz etmişdilər. 

Bildirmişdilər ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir. Hüquqi şəxs isə xüsusi ittihamçı qismində tanına bilməz. Çünki şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır.

Vəkillər əlavə edib ki, iddia ərizəsi hüquqi baxımdan da düzgün tərtib olunmayıb.

İyunun 10-da həmin iddia ilə bağlı qərar açıqlanıb. Vəkillərin vəsatəti təmin edilib - iddia ərizəsinə baxılması mümkün sayılmayıb.

Mayın 18-də Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır.

Səhiyyə Nazirliyindən şikayətçi olan, xəstəxalanarda onlardan rüşvət tələb olunduğunu iddia edən başqa şəxslər də jurnalistə dəstək məqsədilə məhkəmədə iştirak edib.

Jurnalistin anası iyunun 7-də vəfat edib.