“Seçki nəticələrinin ləğvi hüquqi deyil, siyasi məsələdir"

“Seçki nəticələrinin ləğvi hüquqi deyil, siyasi məsələdir

07-05-2019 15:19 / Bu xəbər 1268 dəfə oxundu

Ələsgər Məmmədli: "Bu məsələdə ən böyük zərər görən Türkiyənin seçki sistemidir”

"İstanbulda seçkinin nəticələrtinin ləğv edilməsinin siyasi tərəfi odur ki, Rəcəb Tayyib Ərdoğan AKP olaraq bu şəhərdə seçkini uduzmasını qəbul etmir. Ona görə də hüquqi yolları sonunadək getmək istəyir. Hansı ki, o hüquqi yollar bu tip seçkilərdə heç vaxt gündəmə gəlməyib, amma indi Ərdoğan onları işlətməkdə maraqlı oldu”.

Bunu Bizimyol.info-ya hüquqşünas Ələsgər Məmmədli deyib. 

O, mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyasının fövqəladə toplantısında martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qəbul edilən qərarı şərh edib.

Ekspert hesab edir ki, İstanbulda seçkinin nəticələrinin hakim partiyanın xeyrinə olmamasında R.T.Ərdoğanın özünün böyük səhvləri olub: "Ən böyük səhv İki böyük şəhərin – paytaxt Ankara və İstanbulun böyük şəhər bələdiyyədsi sədrlərinin vaxtından əvvəl, 2017-ci ildə zorla istefaya göndərilmələri oldu. AKP-dən olan bələdiyyə başkanları – İstanbulda Kadir Topbaş, Ankarada Melih Gökçek uzun illər əvvəl seçilmiş və əhali tərəfindən dəstəklənən şəxslər idi. Onların məhz Ərdoğanın iradəsinə görə istefa etmələri və yerlərinə il yarımlıq müvəqqəti şəxslərin təyin olunması AKP seçicilərdə rəy yaratdı ki, "biz seçdiyimizi onsuz da sonra bir nəfər tərsinə çevirə bilir”.

İkinci amil isə odir ki, AKP-nin həmin şəxslərin yerinə Ankara və İstanbulda namizədləri sorğularda birinci çıxmadılar. Yəni sorğuda birinci yerə Topbaş çıxmağına baxmayaraq, Ərdoğan ikinci olan şəxsi – Binali Yıldırımı namizəd kimi irəli sürdü. Nəticədə namizədlər yaxın səs topladılar və cüzi səs fərqi ilə Əkrəm İmamaoğlu önə çıxdı. Demokratik seçkidə bu tanınmalı idi. Amma sisyasi qəbuletməzlik üst səviyyədə olduğu üçün, Ərdoğan AKP-nin İstanbulun bələdiyyəsini itirməsini həzm edə bilmədi.

Daha sonra hüquqi yollara müraciət etdi və bu yolların bir hissəsi ilə yenə də nəticə əldə edə bilmədi. Ona görə də sonunda seçkinin nəticələriin ləğv edilməsinə nail oldu. Bu baxımdan proses sadəcə hüquq məsələsi deyil, siyasi məsələdir”.

Ə.Məmmədli hesab edir ki, bu məsələdə Türkiyənin seçki sistemi böyük zərbə aldı: "Təkrar seçkidə böyük ehtimal ki, nəticə dəyişməyəcək. Əgər hər hansı ciddi müdaxil olmasa, İstanbul seçicisi yenə də öz səsinin arxasında duracaq. R.T.Ərdoğanın özünə də vaxtilə bu cür qeyri-hüquqi və qeyri-legitim həmlələr olub və o həmlələri vətəndaşların köməyi ilə aşıb. İndi həmin adımları başqasına qarşı atır və düşünürəm ki, bu da seçicilər tərəfindən hiss olunacaq. Bu məsələdə zərər çəkən tərəf AKP deyil, Əkrəm İmamoğludur. Ən böyük zərər görən isə Türkiyənin seçki sistemidir”.

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri olub. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib. Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb. Aprelin 17-də Əkrəm İmamoğlu mandatını alıb və vəzifəsinin icrasına başlayıb.

AKP-nin Türkiyə Mərkəzi Seçki Komissiyasına şikayət verərək seçkinin nəticələrinin ləğv olunmasını və yeni seçkinin keçirilməsini tələbilə şikayəti mayın 6-da təmin edilib.