"Seçkilər şəffaf, ədalətli keçiriləcək" - İlham Əliyev

05-03-2018 15:49 / Bu xəbər 1614 dəfə oxundu

Martın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dövlət başçısı İlham Əliyevə prezidentliyə namizədlik vəsiqəsini təqdim edib.

Məlumatı AZƏRTAC yayıb.

Rəsmi məlumatda deyilir ki, dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmin olduğunu bildirib. O, Mərkəzi Seçki Komissiyasının işində uğurlar arzulayıb.

M.Pənahov seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini deyib. Eləcə də seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı vətəndaşların konstitusion hüquqlarının qarantı kimi İ.Əliyevə minnətdarlığını çatdırıb.
İ.Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verib. Seçkilər bu il aprelin 11-nə təyin edilib.

Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında İ.Əliyevin prezidentliyə namizədliyi rəsmi olaraq təsdiqlənib.

Müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları, Milli Şura seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirlər və bu səbəbdən də ona qatılmaqdan imtina ediblər.

15-ə qədər partiya sədri, deputat və fərdi şəxs prezidentliyə namizədliklərini irəli sürüb.