Söyüş

Söyüş

30-11-2019 16:23 / Bu xəbər 1875 dəfə oxundu

Nərmin Şahmarzadə

Bu yazıda "İnsanlar niyə söyüş söyür? Söyüşlərin məzmunu nələrdən xəbər verir?” kimi sualları təhlil etməyə çalışacam.

S.Freud deyirdi ki, daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın təməlini qoymuşdur. Bu fikirdən yola çıxsaq, belə qənaətə gəlmək olar ki, bizə hər zaman pis bir şey kimi təqdim edilən söyüş, əslində, həm də bizim xilaskarımızmış. Çünki aqressiya bir çox canlı kimi insanın da təbiətinə xasdır. Bu aqressiyanın ifadə edilmə forması isə bəşər tarixi boyunca müxtəlif olub. 

İlk insanlar aqressiyalarını əlinin altında olan vasitələrdən istifadə edərək boşaldırdılar. Məsələn A şəxsi B şəxsini əsəbləşdirəndə, B daşı götürüb A-nı öldürürdü və ya ona aid nəyisə, kimisə özününküləşdirirdi, zərər vururdu. Bütün bu fikizi olaraq icra edilən şeyləri sadəcə verbal şəkildə ifadə etmək isə söyüşdür. Bu mənada söyüş "hələ etməmişəm, amma edə bilərəm” mesajı daşıyan təhdiddir.

Bəzən isə insanlar xırda konfliktlər zamanı da söyüş söyürlər. Çünki söyüş söyərək, təhqir edərək şəxsi dərhal alçaltmaq olur və bir növ atılan güllə birbaşa hədəfə dəyir. Söyüşlər, adətən, şəxslərin dəyər verdiyi, əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni söyüş söymək, "sənin dəyər verdiyin, əxlaq çərçivəsinə daxil etdiyin şeyləri alçaldıram, əzirəm” deməkdir. 

Söyüş söyən şəxs bunun üzərində düşünməsə də, bilir ki, bu zaman qarşı tərəfin sərhəddini pozmuş, onu incitmiş olacaq və incidilmiş insanlarda gizli və ya açıq şəkildə qəzəb yaranacaq. Bununla da, söyüş söyən şəxs çox vaxt öz istəyinə tez bir zamanda nail olur. Belə desək, söyüş bəsit və dərhal effekt verən vasitə halını alıb. İnsan beyni konfor zonadan çıxmağı, özünü işlətməyi bir o qədər sevmədiyi üçün asan yolları hər zaman daha çox sevir, bu səbəbdən dolayı çox insan aqressiyasını ifadə edərkən söyüş söyür. Hər cəmiyyətin özünə xas söyüş tərzi olur. Zənnimcə, istənilən cəmiyyətin tabularını araşdırarkən mütləq söyüşlərini də analiz etmək lazımdır. Bu yazıda həm də söyüşlərimizdə əks olunan bəzi tabulara nəzər salmaq istəyirəm.

Elə götürək öz cəmiyyətimizi və söyüşlə ifadə etdikləri şeyləri. Bizim cəmiyyətdə söyüşlərin əksəriyyətində:
1) seksual hərəkətlərin icrasının sözlə ifadəsi var;
2) bunu daha çox qadınlar üzərindən ifadə edirlər. Çünki bizim cəmiyyətdə seks ciddi problemdir. Bu problem çox genişdir, sadəcə bir neçə detala səthi toxunacam: bizim cəmiyyətdə insanın təbiət etibarilə biseksual olması qəbul edilmir; yəni insanın öz həmcinsinə də maraq göstərməsi yol verilməzdir. 

Buna görə də arzular, meyllər basdırılmağa çalışılır. Bir şeyin basdırılması onun yox olması demək deyil, o, yenə də şüuraltında mövcuddur və şəxs eqosunu öz istədiyi kimi nəzarətdə saxlaya bilmədikdə o şeylər şüur səviyyəsinə çıxır. Bunların şüura çıxma vasitəsi də, əsasən, ya zarafatlardır, ya da söyüşlər. Ona görə söyüş söyərkən həmcinsi olsa belə söyüşün məzmununda ona qarşı seksual hərəkət ifadə edilir. Normal vaxtı o şəxslərə öz həmcinsi ilə münasibətə necə baxdığını soruşsaq, çoxu buna sərt cavab verəcək və ya qəbullanmayacaq, çünki eqo buna imkan verməyəcək.

Həmçinin şəxs bilir ki, bu, qarşı tərəf üçün cəmiyyətdə qəbul edilməz bir şeydir. Yəni bir daşla iki quş vurulur: 1) həm şüuraltı öz basdırılmış istəklərini ifadə edir, 2) şəxsi cəmiyyətdə tabu olan şeylə alçaldır.

Bəs niyə söyüşləri daha çox qadınlar üzərindən edirlər?

Şərq cəmiyyətində qadın uzun əsrlər boyu missioner pozada utancaq vəziyyətdə dayandığı üçün, qarşı tərəf onu əxlaqsız kimi görməsin deyə zövq aldığını göstərməyi sərhədlədiyindən, elə anlaşılıb ki, seks sadəcə kişinin zövq almasına xidmət edir, qadın həqiqətən də bir tarladır. Əsrlər dəyişsə də, məncə, daha çox kişilərin istəyi ilə bəzi yeni pozaları yoxlasalar da, qadın hələ də seksdə tam olaraq həzz alan iki şəxsdən biri deyil, hələ də bir çox qadın seksdə qarşı tərəfin istəyinə görə iş icraa edən tərəfdir. Buna görə də nəinki təkcə qadının özünü söyəndə, eləcə də kişi kişini söyəndə də qadın üzərindən söyür, buradan "qadın kişinin şəxsi mülkiyyətidir” fikri çıxır, eynilə bayaq dediyim sahibkarın iş icraa edən aparatıdır. Ona görə də kişi kişini söyəndə qadını mülkiyyət hesab edərək söyür. Amma düşünmür ki, qadın şəxsdir, o, belə bir şey etsə, qadın da zövq alacaq. 

Məsələn, təsəvvür edin, kimisə söyəndə "sənə masaj edərəm/ sənin üçün mahnı oxuyaram ha” deyirsiniz, necə də gülməli səslənir. Çünki kimsə bizə masaj edəndə bədənimiz dincələcək və ya mahnı oxusa, zövq alacağıq. Eləcə də qarşı tərəf qadını sekslə söyəndə qadının da həzz alacağını düşünsə, eyni formada söyə bilməyəcək. Belə yanaşanda kişi seksi, daha aydın desəm, penisini alçaltmaq üçün görməyəcək. Hətta təsəvvür edin, bir qadın kişini eyni tərzdə öz anatomik quruluşuna əsaslanaraq söyür, anlayıram, təsəvvür etmək çətindir. Çünki bir çox qadın seksdə hələ o qədər azad deyil.

Yazı "Azlogos" saytından götürülüb.