TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı olub

TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı olub

01-12-2019 17:03 / Bu xəbər 242 dəfə oxundu

"Biz bu gün TANAP ilə Avropa və Asiyanı təkrar bir-birinə bağlayırıq”

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala bölgəsində Trans-Anadolu Təbii qaz Boru Kəməri Layihəsinin (TANAP) Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.

"BBC türkcə”nin məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan və digər rəsmilər iştirak ediblər.

İlham Əliyev açılış mərasimində deyib ki, bu layihə ölkələr arasında körpülər quracaq, əməkdaşlıq, məşğulluq və uzunmüddətli müqavilələr gətirəcək.

Ərdoğan isə deyib:

"TANAP ölkəmizin sülhməramlı baxışının konkret işarəsidir".

Türkiyə prezidenti bu layihənin Türkiyə və Azərbaycan arasında "dərin dostluğun simvolu” adlandırıb. Bildirib ki, TANAP Türkiyədə 67 bölgə və 600 kənddən keçərək Avropaya çıxacaq: "Biz bu gün TANAP ilə Avropa və Asiyanı təkrar bir-birinə bağlayırıq”.

TANAP inşaatı hələ davam edən TAP-a bağlanacaq. Avropaya qaz ixracının başlanması üçün TAP-ın tamamlanması lazımdır. 2020-ci ildə TAP-ın da tamamlanacağı gözlənilir.

TANAP Azərbaycandan Avropaya uzanan 3500 km-lik enerji koridorunun ən əhəmiyyətli hissəsidir.

40 il ərzində istifadədə olması gözlənən TANAP-la bağlı saziş 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə o zaman Türkiyənin Baş naziri olan Recep Tayyip Erdoğan arasında imzalanıb.

Beş il ərzində reallaşdırılması planlaşdırılan kəmərin tikintisi əvvəlcə 7,5 milyard dollar olaraq nəzərdə tutulub, sonradan qiyməti 12 milyard dollara qalxıb.

Layihənin ilk mərhələsi 2018-ci ildə bitib. 2020-ci ildə kəmərin buraxılış qabiliyyətinin ildə 16 milyard kubmetr, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetr olması gözlənir.

2020-ci il üçün nəzərdə tutulan qazın on milyard kubmetri Avropaya, qalanı isə Türkiyəyə satılacaq.

Layihədə Azərbaycan 58 faiz paya malikdir.///meydan.tv