"Tenderləri yüksəkrütbəli məmurlara yaxın şirkətlər udur" - Media icmalı

10-10-2017 11:50 / Bu xəbər 275 dəfə oxundu

Korrupsiya ilə mübarizənin yetərsizliyi, aqrar sektorda vəziyyət, qaçqın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün (10 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

KOMMERSİYA BANKLARI KREDİTİ YÜKSƏK FAİZLƏRLƏ VERİR

«Exo» qəzetində «Azərbaycan aqrar sektoru uzunmüddətli pullarsız boğulur» sərlövhəli yazı oxumaq olar.

Yazıda aqrar sektorun inkişafına maneələr və bunun səbəbləri ekspertlərlə təhlil edilir.

«Azərbaycanda aqrar sektorun inkişafı müxtəlif vasitələrlə əngəllənir. O cümlədən uzunmüddətli kreditlərin yetərsizliyi, müasir texnologiyanın tətbiq olunmaması bu sıradadır», - deyə iqtisadçı ekspertlər qəzetə bildiriblər.

Ekspertlər Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının indiyə kimi 20 milyard manat kredit verməsi haqda məlumatı isə belə dəyərləndiriblər:

«İlk növbədə əhəmiyyətli göstərici kimi görünür, bir «əmma»sı olmasa. Bu kreditlərin 5 milyon nəfər insana verildiyi deyilir. Bu orta hesabla hər adama 400 manat kredit deməkdir. Assosiasiyanın bu vəsaiti kənd təsərrüfatının inkişafına ayırmasını deməsi gülməlidir. Belə yanaşma ilə biz heç zaman arzu olunan nəticələrə çata bilmərik. Çünki bu məbləğ hətta mikromaliyyələşdirmə üçün də olduqca azdır».

Ekspertlər deyiblər ki, yüksək faiz üzündən aqrar sahədə çalışanlar kommersiya banklarından kredit götürə bilmir. Bu sahənin inkişafı isə milyardlar tələb edir.

Ekspertlər vurğulayıb ki, hökumət bütün xərcləri öz üzərinə götürməyi düşünmür və yeganə variant kimi xarici investisiya cəlb etmək qalır:

«Bu, iqtisadiyyatın o sahələrindəndir ki, aşağı faizlə uzunmüddətli kreditlərə ehtiyac duyur. Ayrı-ayrı kənd təsərrüfatı sahələri var ki, ilk gəliri ancaq bir neçə ildən sonra gətirir...».

Ekspertlər vəziyyətdən çıxış yolunu belə ümumiləşdiriblər:

«Aqrar sektorun inkişafını investisiya hesabına təmin etmək olar. Bunun üçün qanunvericilik bazası liberallaşdırılmalı, məhkəmə sistemində islahatlar getməli və vergi ödəmələri azaldılmalıdır».

Korrupsiya

​«KORRUPSİYA İLƏ YOX, RÜŞVƏTXORLUQLA MÜBARİZƏ GEDİR»

«Novoye Vremya» qəzetində «Korrupsiya girdabına necə qalib gəlmək olar?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, korrupsiya sistemli olduqda mübarizə də ona uyğun aparılmalıdır. Müəllifin fikrincə, Azərbaycanda isə əksər halda yalnız korrupsiyaya ilə mübarizədə rəqəmlər sadalanır. Onunla real mübarizə getmir.

Yazıda Baş Prokurorluğa istinadən bildirilir ki, 2017-ci ildə korrupsiya ilə bağlı 215 nəfərə qarşı 155 cinayət işi məhkəməyə göndərilib. Daha 118 iş icraatdadır.

Müəllifi hesab edir ki, aşağı dövlət qurumlarında korrupsiyaya ilə mübarizə böyük nəticələr verməyəcək:

«Nazirlik, iri müəssisə və dövlət idarəçiliyinin başqa sahələrində korrupsiyaya ilə mübarizə aparılmadıqca, bu, nəticəsiz olacaq. Daha dəqiq desək, bu korrupsiyaya ilə yox, rüşvətxorluqla mübarizə olacaq. Bu da tamam ayrı-ayrı şeylərdir».

Üstəlik, yazıda vurğulanır ki, rüşvətxorluqla da mübarizə çox aşağı səviyyədə gedir.

Müəllif bir müddət öncə Rabitə və İnformasiya Texnologiya Nazirliyində korrupsiya iddiaları ilə bağlı gedən məhkəmə prosesinin üzərində dayanır. 10 il ərzində özbaşınalığın necə mümkün ola bilməsi sualını gündəmə gətirir:

«Bizdə haraya əl qoysan, hər yer korrupsiyadır. Məsələn, müxtəlif layihələr üçün tenderlər təkcə formal deyil, həm də qanunvericiliyin pozulması ilə keçirilir. Bir qayda olaraq, yüksəkrütbəli məmurlara yaxın firma və şirkətlər bu tenderlərin qaibləri olurlar. Korrupsiya mexanizmləri vasitəsilə burada milyonlar «yuyulur»».

Masazırda məcburi köçkünlər üçün tikilmiş binalar

KÖÇKÜNLƏRƏ DÖVLƏT QAYĞISI

«Azərbaycan» qəzetində «Daim dövlətin himayəsində» sərlövhəli yazıda qaçqın və məcburi köçkünlərə dövlət dəstəyindən bəhs edilir.

Yazıda bildirilir ki, Azərbaycan Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır.

Müəllif hesab edir ki, bununla belə, ölkədə bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından yüksək nəticələr əldə edilib:

«Çünki qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir».

Müəllif vurğulayır ki, dövlət qayğısı ilə bu insanların mənzil-məişət şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırıb. Onların sosial problemlərinin həllinə ümumilikdə 6.2 milyard manat vəsait xərclənib. Təkcə Neft Fondunun vəsaiti hesabına onlara 96 yaşayış kompleksi tikilib. 50 min ailə yeni mənzillərlə təmin edilib.

Yazıda həmçinin bildirilir ki, yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, orta və musiqi məktəbləri, mədəniyyət mərkəzləri, uşaq bağçaları, tibb məntəqələri, Olimpiya idman kompleksləri tikilib:

«Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4.5 dəfə artırılıb».///azadliq.orh