"Texniki səhvə yol verilib" - Təhsil Nazirliyi

07-10-2017 21:16 / Bu xəbər 1964 dəfə oxundu

Azərbaycanda tədrisi rus dilində aparılan X sinif  "Всеобщая история” dərsliyində dərc olunmuş xəritə sosial şəbəkələrdə və mediada narazılğa səbəb olub. 

İddia olunur ki, xəritədə "Dənizdən dənizə böyük Ermənistan” əraziləri təsvir edilib. Xəritədə bu ərazilərə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

"Məsuliyyətsizliyə yol verənlər istefa verməlidir"

Məsələyə etirazını bildirənlərdən biri də tarixçi, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqovdur.  

Yadigar Sadıqov

O, bu barədə öz "Facebook” səhifəsində yazıb: "Tarix dərsliyindəki Ermənistan xəritəsi haqqında onu deyə bilərəm ki, siyasi xəritə olsaydı, dərd yarıdır. Müəyyən dövr ərzində böyük imperiyalar yarana və qonşu əraziləri işğal edə bilər. Roma, Osmanlı, Britaniya imperiyaları kimi. Şimali Afrika hər 3 imperiyanın tərkibində olub. Lakin bu gün kimsə oranın İtaliya, Türkiyə və ya İngiltərə olduğunu söyləməz. Dərslikdəki xəritədə isə Kappadokiya, Mesopotamiya kimi coğrafi adların olması siyasi deyil, coğrafi xəritə olduğundan xəbər verir. Yəni söhbət bugünkü Azərbaycan torpaqlarının hansısa dövrdə müvəqqəti olaraq Ermənistan dövlətinin tərkibində olmasından getmir. Torpaqlar coğrafi olaraq Ermənistan adlandırılır. Bu ermənilərin ərazi iddialarına haqq qazandıran bir addımdır. Belə məsuliyyətsizliyə yol verənlər istefa etməli, dərsliyin buraxılmasına xərclənmiş dövlət vəsaiti nazirlik rəhbərinin maaşından tutulmalıdır”.

"Xəritədə "Böyük Ermənistan"dan söhbət getmir"

Dərsliyin müəlliflərindən biri – təhsil eksperti Kamran Əsədov isə "Modern.az” saytına deyib ki, etiraz edənlər onların uğurlu işinə kölgə salmağa çalışır:

Kamran Əsədov

"Əsassız olaraq bildirirlər ki, xəritədə Ermənistan ərazisi əks olunub. Bu, artıq  göstərir ki, bəzi insanlarda erməni xofu var və  baxdıqları yerdə erməni ifadəsi, ərazisi görürlər. Həmin xəritə 10-cu sinif rus bölmələri üçün  "Ümumi tarix” kitabında Roma paraqrafındadır və qeyd olunan ərazilər Roma imperiyasının ərazisidir. Bu ərazilərin Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı hər hansı fakt orada qeyd olunmayıb. Həmin xəritədə "Böyük Ermənistan"dan söhbət getmir. Xəritə qədim dövr Roma sərhədlərini göstərir. Bənövşəyi xətlə göstərilən ərazilər Romanın işğal etdiyi yerlərdir. Orada Roma imperiyasına daxil olan bütün ərazilər Assuriya, Mesopotamiya da göstərilib. Əgər belədirsə, Ərəb Xilafəti xəritəsində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir”.

"Bunu faciə çevirmək lazım deyil"

K.Əsədov deyib ki, Azərbaycan dilində xəritələrlə bağlı ciddi resurs problemi var: "Biz bu dövrlə bağlı xəritəni Roma arxivlərindən əldə etmişik. Orada göstərilir ki, eramızdan əvvəl 1-ci əsrdən bizim eranın 2-ci əsrinə qədər romalıların əhatə etdiyi ərazi budur. Birincisi, orada göstərilən Armeniya ərazisi indiki Ermənistan deyil. Tarixdən anlayışı olmayan, özünü vətənsevər kimi göstərənlər bilsinlər ki, eramızdan əvvəl 66 və 65-ci ildə Pompeyin yürüşündən sonra Albaniya ərazisi Romaya tabe edildi. Eramızdan əvvəl 20-ci ildə Atropatenada hökmdar Romanın vasitəsilə hakimiyyətə gəlmişdi. Bu, o deməkdir ki, eramızdan əvvəl 1-ci əsrdə qeyd olunan ərazilər Romaya tabe idi. Orada bənövşəyi rəngdə göstərilən sərhədlər Roma imperiyasının sərhədləridir. Dəfələrlə tarixdən anlayışı olmayanlara demişəm ki, gəlin sizə tarix öyrədim. 359-cu ildə Amid döyüşündə, 371-ci ildə Dzirav döyüşündə romalılarla sasanilər toqquşanda romalıların müttəfiqi ermənilər, sasanilərin müttəfiqi isə Albaniya idi. Həmin vaxt Albaniya müəyyən ərazilər itirmişdi. Bu, o demək deyil ki, qeyd olunan yer erməni dövləti idi. Sadəcə ermənilər bu ərazini tabe etmişdilər və oranı vilayət kimi idarə edirdilər. Burada heç bir Ermənistan xəritəsindən söz gedə bilməz”.

K.Əsədov qeyd edib ki, səsləndirilən fikirlər savadsız yanaşmadır: "Burada Assuriya, Mesopotomiya da göstərilib. Konkret Ermənistan ərazisi göstərilməyib. Orada Romanın sərhədləri əks olunub. Bu cür yanaşma Azərbaycan alimini elmdən, təhsildən uzaqlaşdırır. Bu qədər savadsız yanaşma olmaz. Biz bu kitabı 4-5 dildə dərc etdirmişik. Mən kitabın Azərbaycan dilinə də baxmışam, orada bu, yoxdur, silmişik. Bunu faciə çevirmək lazım deyil. Bu, texniki qüsurdur.

Əgər siz Roma imperiyasını erməni ərazisi kimi görürsünüzsə, bu, artıq sizin gözünüzdə də qüsur olduğunu göstərir. Bunlara xidmət etmək olmur və gənc insanın uğurunu qəbul edə bilmirlər. Bunlar ermənidən də betərdirlər. Kitabda qüsur yoxdur. Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir”.

"Dərslik yenidən çap olunub"

Təhsil Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Meydan TV-yə daxil olan məlumatda deyilir ki, tədrisi rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif "Всеобщая история” dərsliyində Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib:

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif "Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.

X sinif "Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib.

Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə müraciət edib.

Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib. Məsələ ilə bağlı araşdırma aparılır”.

Dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.