Vahid Mustafayev: Prokurorluq ANS-ə bəraət verib

Vahid Mustafayev: Prokurorluq ANS-ə bəraət verib

06-05-2019 17:40 / Bu xəbər 1147 dəfə oxundu

"Media məkanını gör nə günə salıblar''

Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanla bu ölkə arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirmək və Fətulla Gülənlə müsahibə anonsu ittihamı ilə yayımı dayandırılan ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbəri Vahid Mustafayev Respublika Prokurorluğundan bəraət məktubu aldıqlarını bildirib.

Sosial şəbəkələrdə yaydığı müraciətində Vahid Mustafayev bildirib ki, prokurorluq məktubunda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığının tam sübuta yetirilməsini yazıb: 

"Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!”.

Daha sonra Vahid Mustafayev Milli Televiziya və Radio Şurasını ANS-in fəaliyyətinə süni əngəlllər yaratmaqda ittiham edib.

"Gör ANS-in çətin şəraitdə on illərlə yaratdığı media mühitini, Azərbaycan uğrunda mənimlə birgə barrikadalarda və ya səngərlərdə bir damla qan belə tökməyənlər nə günə saldılar... Amma Azərbaycanın Birinci-vitse prezidenti, xanım Mehriban Əliyeva bu gün bütün Azərbaycanlıları Mübarək Ramazan ayı münasibətilə təbrik etdi. Oruc tutan bir müsəlman kimi Mehriban xanıma təşəkkür edirəm. Allah Sizə ürəyinizcə versin! Bir şeyi başa düşmürəm, ölkə rəhbərliyi xalqa və dinimizə hörmət əlaməti olaraq onu bu Mübarək ay münasibətilə təbrik edirsə, onda niyə MTRŞ kimi qurumlar ANS-ə bunu etməyə qeyri-rəsmi qadağa qoymuşdu?!”, - Vahid Mustafayev yazıb.

MTRŞ-dən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmasa da, bu qurumun rəhbəri Nuşirəvan Məhərrəmlinin ANS-lə zaman-zaman qarşıdurmaları olduğu xatırlanır.

Bir neçə il əvvəl Nuşirəvan Məhərrəmli müsahibələrinin birində ANS-in Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalı olduğunu və bunun kanalın sifəti olduğunu demişdi.