Vidadi İsayevin “Simmental” maxinasiyası - Bərdədən şikayət var

Vidadi İsayevin “Simmental” maxinasiyası - Bərdədən şikayət var

24-10-2016 23:55 / Bu xəbər 948 dəfə oxundu

"Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət son illər bir çox layihələr həyata keçirib. Yeni lizinq cəmiyyətlərinin, böyük fermer təsərrüfatlarının, müasir standartlara uyğun maldarlıq komplekslərinin yaradılmasına dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb. Dövlət büdcəsindən ayrılan vəsaitin əhəmiyyətli bir hissəsi isə ölkəyə cins heyvanların gətirilməsinə xərclənib. Daha dəqiq desək, sovrulub! Aqrar sektora yatırılan dövlət vəsaitinin havaya sovrulduğu, mənimsənildiyi rayonlardan biri də Bərdə rayonudur". 

Bu barədə Arqument.Az-a Bərdədən bir qrup sahibkarın adından daxil olmuş müraciətdə deyilir. 

Onların sözlərinə görə, hələ keçmiş sovet dönəmindən əkinçiliyin və maldarlığın inkişafı üçün bütün münbit şəraiti olan Bərdə rayonunda vəziyyət yerli rəhbərliyin şəxsi istəklərinə, tamahına və bacarıqsızlığına qurban verilir: "Hələ 3 il öncə "Qarabağ Aqrar Sənaye Kompleksi”nin tikintisi üçün "Sahibkarlığa Kömək Milli Fondu”nun ayırdığı 32 milyon manat vəsait o zamanki Kənd Təsərrüfatı naziri İsmət Abbasov və Bərdə RİH-nin indiki başçısı Vidadi İsayev tərəfindən yağmalandı. İlkin planda Azərbaycanın ən böyük heyvandalıq müəssisəsi kimi nəzərdə tutulan "Qarabağ Aqrar Sənaye Parkı” mayasına uzanan haram əllərə görə kiçik fermaya çevrildi. Vidadi İsayev o zamankı Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli nümayəndələri ilə əlbir olaraq etdikləri maxinasiyaların hesabına bu gün "Qarabağ Aqrar Sənaye Parkı” acınacaqlı durumdadır. Halbuki ilkin mərhələdə 4200 baş heyvan olan bu müəssisədə mütəxəssis hesablamalarına görə hazırda  9 mindən artıq heyvan olmalıydı. Məlumatlara görə, ilkin vaxta 4200 baş alınası heyvanın heç üst-üstə 1000 ədədi alınmayıb. Ancaq əvəzində rəsmi sənədlərdə müəssisənin rəhbəri Vahid Rzayev göstərilən rəqəmlərə qol çəkib. Əlbəttə ki, Vidadi İsayevin göstərişi ilə". 

Arqument.Az-a daxil olan məlumatda bildirilir ki, Vidadi İsayevin digər işi isə bu qanunsuz əməllərini ört-basdır etməkdən ibarətdir: "Bunun üçün isə RİH başçısı qəribə üsul seçib. Belə ki, rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfat rəhbərlərinə rayon rəhbərliyinin sahibkarlara yaratdığı yüksək şəraitə görə yuxarı instansiyalara təşəkkür məktubu yazdırtdırır. Bu məktubun hər ay yazılmağına və göndərilməyinə isə RİH başçısının müavini İlham Məmmədov nəzarət edir". 

Məlumata görə, Vidadi İsayevin maxinasiyası təkcə "Qarabağ Aqrar Sənaye Kompleksi” ilə yekunlaşmır: "Hələ ötən il "Kənd təsərüfatı ili” münasibətilə dövlət planına uyğun olaraq, Bərdə rayonunun Kolayır kəndində 17 kənd təsərrüfatına lizinq yolu ilə Avstriyadan gətirilmiş heyvanlar verildi. Ancaq bu heyvanların yaşamaq üçün tələb olunan şəraiti olmadığı üçün sonradan sürətlə tələf oldular. Od qiymətinə Avstriyadan gətirilmiş bu heyvanlara ilk günlər istisna olmaqla sonradan heç bir ixtisaslı baytar nəzarəti olmayıb. Heyvanların böyük əksəriyyətinin elə ilk aylarda tələf olduğu deyilir. Ən qəribəsi isə odur ki, Avstriyadan Bərdə rayonunun Kolayır kəndinə gətirilən bu heyvanların sortu ümumiyyətlə aran regionu üçün perspektivli deyil. Belə ki, xüsusi "Simmental” cins olan bu heyvanlar qaydalara görə mütəmadi həkim nəzarəti altında olmaqla dağ şəraitində (əsasən sərin yaylaqlarda) saxlanmalıdırlar. Hətta həmin heyvanların içdikləri suyun tərkibində qətiyyən şor su olmamalıdır. Ancaq Bərdə rayonunda isə bildiyimiz kimi suyun tərkibində kifayət qədər şor (duz) var. Xüsusən də, son illər Bərdə rayon rəhbərliyinin bacarıqsızlığı ucbatından yarıtmaz meliorativ işlər nəticəsində kanallar dolmuş və suyun tərkibindəki duzlaşma faizi daha da artmışdır. Göründüyü kimi, Vidadi İsayevin tamahına həm dövlətin milyonlarla vəsaiti. Həm də zəhmətkeş insanların ümidləri, arzuları qurban verildi". 

"Vidadi İsayevin Bərdə rayonunda fermer təsərrüfatlarındakı maxinasiyaları təkcə heyvandarlıqla yekunlaşmır. RİH başçısının taxılçılıq və pambıqçılıq sahəsində də kifayət qədər maxinasiyalar var. Nəzərinizə çatdıraq ki, elə bu yaxınlarda "Space" TV-nin müxbiri rayonda pambıqçılıqla məşğul olan fermerlərin problem və şikayətlərini işıqlandırmaq istəyərkən Vidadi İsayevin qəzəbinə tuş gəlmiş və işindən azad etdirilmişdi", - müraciətdə bildirilir. 

Müraciətdəki iddialarla bağlı gün ərzində dəfələrlə İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Arqument.Az