''Yaşıllaşdırma İdarəsi qərarı icra etmək üçün ''şirinlik'' istəyir''

''Yaşıllaşdırma İdarəsi qərarı icra etmək üçün ''şirinlik'' istəyir''

16-01-2019 01:19 / Bu xəbər 1480 dəfə oxundu

Sakinlər qovaq ağacının həyatları üçün təhlükə yaratdığını deyir

"Həyətimizdəki ağac bizim və daha bir neçə qonşunun həyatına təhlükə yaradıb. 5 ildir ki, ağacın kəsilməsinə nail ola bilmirik. Ağacı kəsmək üçün bizdən 500 manat rüşvət istəyirlər”.

Söhbət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 1/5 ünvanındakı yaşlı qovaq ağacından gedir. Bu ünvanda yaşayanlar 5 ildən çoxdur ki, ağacın kökündən kəsilməsi üçün qurumlara müraciət edirlər. Hətta kəsimə görə hələ 3 il əvvəl qərar da verilib.

2015-ci ilin noyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti sakinlərə məktub göndərib. Həmin məktubla sakinlərə bildirilib ki, Departamentin əməkdaşları ağaca baxış keçirib. Əməkdaşlar qovaq ağacının ətrafda yaşayan sakinlərin həyatına təhlükə yaratdığını müşahidə ediblər. 

Araşdırma zamanı departament işçilərinə bəlli olub ki, Nazirliyin Ekspertiza İdarəsi ağacın kəsilməsi üçün hələ 2013-cü ildə rəy verib. İdarə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məktub da göndərib. Ancaq kəsim icra olunmayıb. 

Bu səbəbdən də Nazirliyin Ekspertiza İdarəsi 2015-ci ilin noyabr ayında təkrar rəy verməli olub. İdarə ağacın kəsilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məktubla təkrar müraciət edib. Ancaq kəsim yenə olunmayıb.

Sakin Firdofsi Vəliyev deyir, bir qurum digər qurumun qərarını icra etmir, bununla da sadə vətəndaşların həyatı təhlükəyə atılır.

"Ağacı kəsmək üçün "şirinlik” istəyirlər"

"2013-cü ildə müracit etdik, 2 illik get-gəldən, məktublarımızdan sonra 2015-ci ildə ekspertiza rəy verdi ki, ağac kəsilməlidir. Bir rəyi 2 ilə çıxartdılar. İndi o 2 ilin üstündən 3 il də keçib, ancaq rəyi hələ də icra etməyiblər. 5 ilə bir ağacı kəsdirə bilməmişik bunlara... Səbəb də odur ki, Yaşıllaşdırma İdarəsi bizdən 500 manat "şirinlik” istəyir. Deyir, ağac elə yerdədir ki, o dalana kiçik texnika girə bilməz. Küçənin bu başından o başına iri texnika uzadıb ağacı kəsməliyik. Bu isə 500 manata başa gəlir. Biz rüşvət verməkdən imtina etdikdə isə deyirlər, ümumiyyətlə, bizdə texnika yoxdur. Əgər paytaxtın o boyda Yaşıllaşdırma İdarəsində bir ağacı kəsməyə texnika yoxdursa, o idarə nəyə yarayır? Və bu necə olur ki, rüşvət versək texnika var, rüşvət vermirik deyə texnika yoxdur?”

2Ağacın kökləri döşəmələrimizi dağıdır"

Sakinlərin deməsinə görə, ağacın kökləri evlərin özüllərinədək uzanıb və özülləri dağıdıb: "Hasarları, evdə hamamın yerini, otaqların döşəmələrini dağıdıb, divarlar çat verib, evlərin damlarını sındırıb... Bir ağac bu qədər ailəyə zərər vurur, həyatımıza təhlükə yaradır, bunlar ağacı ləğv eləməkdənsə, oturub vətəndaşlardan "şirinlik” gözləyirlər. Əllərində olan qanuni qərarı icra etmək üçün rüşvət istəyirlər...”

Hər dəfə güclü külək əsəndə ağacın budaqları qopub evlərin damlarına, maşınların üstünə düşür. Hətta bu yaxınlarda iri budaq qırılıb ərazidən keçənlərdən birinin üzərinə gəlsə də, kommunal xətlər budağı göydə "saxladığından” yoldan keçən canını salamat qurtara bilib.

Sakinlər bir müddət əvvəl ağacı özləri kəsmək qərarına gəliblər. Ancaq Yaşıllaşdırma İdarəsindən onlara bildirilib ki, bunu özbaşına edə bilməzlər. Bir sözlə, Yaşıllaşdırma İdarəsi ağacı kəsməyə nə sakinlərə imkan verir, nə də özü əncam çəkir.

Meydan TV müxbiri Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, sakinlərdən rüşvət istənilməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Ağacın kəsilməsi texniki cəhətdən çətinlik yaratdığından indiyədək mümkün olmayıb. Məsələ Birliyin rəhbərliyinə çatdırılacaq və tədbir görüləcək.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə deyilib ki, məsələ araşdırılacaq və fakt təsdiqlənsə, təhlükəli ağacın kəsilməsi üçün ən yaxın günlərdə aidiyyəti üzrə idarəyə rəsmi məktubla müraciət olunacaq.