Zakir Həsənov Paşinyanın oğlunu Qarabağa göndərməsindən danışdı

Zakir Həsənov Paşinyanın oğlunu Qarabağa göndərməsindən danışdı

30-07-2018 19:30 / Bu xəbər 1773 dəfə oxundu

"Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorikalı çıxışları, xüsusilə baş nazir və müdafiə nazirinin öz övladlarını ölkəmizin işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur”.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün, iyulun 30-da keçirilən görüşündə belə deyib.

Nazirliyin xəbərinə görə, Zakir Həsənov xüsusi qeyd edib ki, münaqişənin tezliklə həll edilməsindən ötrü Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə işğalçı ordusunun bölmələrini Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarmalıdır.

Görüşdə əsas müzakirə mövzusunun cəbhə xəttindəki hazırkı vəziyyət olduğu bildirilir. 

Zakir Həsənov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneə olduğunu ifadə edib.

Toivo Klaar da nazirin bu açıqlamasından öncəki çıxışında Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasından ötrü münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib. 

O, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar olduğunu bildirib. 

Diplomat həmçinin Aİ-nin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Cənab Klaarın başçılıq etdiyi nümayəndə heyəti bu gün, iyulun 30-da Azərbaycana gəlib.

Onu Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

Bu ilin aprelində küçə etirazları nəticəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisian yenicə seçildiyi baş nazir postundan istefa verməli olub. Etirazların lideri Nikol Paşinyan mayın 8-də baş nazir seçilib.

Nikol Paşinyan baş nazir seçildikdən bir neçə həftə sonra öz övladını Dağlıq Qarabağa hərbi xidmətə yola salıb. O, müsahibələrində bu addımını sülhevərlik niyyəti ilə izah edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.