194 saylı məktəbin müəllimi: "Direktor və müavini məni intihara sürükləyir"

194 saylı məktəbin müəllimi:

15-03-2021 18:26 / Bu xəbər 1418 dəfə oxundu

"Məcbur edirlər ki, ərizə yazıb işdın çıxım, amma yazmayacam”

194 saylı məktəbin müəllimi Sara Rəhmanova çalışdığı təhsil müəssisəsinin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını iddia edir. 

Sara Rəhmanova bu barədə"Toplum TV”-yə danışıb. 

17 ildir ki, fiziki tərbiyə müəllimi işləyən Sara Rəhmanovanın sözlərinə görə, direktor məktəbdə qorxu mühiti yaradıb. 

"Direktor mənə qarşı iyrənc vasaitələrdən istifadə etdi" 

Müəllim bildirib ki, Elnarə Zeynalova 2 il öncə həmin məktəbə direktor təyin olunub və həmin dövrdən də avtoritar idarəetmə tətbiq edib: "Təyinatından iki gün sonra pedaqoji şuranın iclasında dedi ki, müəllimlər idman zalının elektrik sistemini öz vəsaitləri ilə təmir etməlidirlər. Mən etiraz etdim ki, dövlət məktəbi vəsait və avadanlıqla təmin edir, bunu müəllim niyə etməlidir? Bu sözlərim direktora xoş gəlmədi və həmin gündən də problemlərim başladı. Qardaşı kimi təqdim etdiyi polis işçisini və post-patrul xidmətinin əməkdaşlarını üstümə göndərdi. Məktəbin texniki işçiləri olan, əslində isə direktora qulluq edən xanımlar da üzərimə hücum çəkərək dəfələrlə polis çağırıblar. Bu cür hallar baş verdikcə, direktor haqqımda aktlar yazdıraraq həmin işçilərə imzalatdırırdı. Elə bir mühit yaradıb ki, heç kəs mənə salam verməyə cəsarət etmir. Yəni bu kimi iyrənc vasitələrə əl atıb”.



"Direktorun mənə hədə-qorxu gəlməkdə məqsədi ərizə yazıb işdən çıxmama nail olmaq və ona tabe olmaq istəməyən müəllimləri qorxutmaqdır. Bir gün məni məktəbə çağıraraq kiçik iclas keçirdi, orda mənə dedi ki, sosial şəbəkədə mənimlə bağlı yazılan mənfi paylaşımları bəyənmisən. Mən də dedim ki, şəxsi profilimdə istədiyim hər şeyi bəyənə bilərəm. Eyni zamanda bütün bu özbaşınalıqlarla bağlı Təhsil Nazirliyinə şikayət edəcəyimi də bildirdim. Bundan sonra nazirliyə ərizə yazdım ki, məsələ ilə bağlı ciddi araşdırılma aparılsın, çünki direktorun arxasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi dayanır. Lakin nazirlik işi Təhsil İdarəsinə həvalə etdi. İdarənin nümayəndəsi isə məktəbə gələrək direktorun otağında çay içib getdi, yəni heç bir araşdırma aparılmadı”, - Sara Rəhmanova belə deyib. 

"Dedi ki, direktor artıq səninlə işləmək istəmir”

S.Rəhimova həmçinin qeyd edib ki, direktor ona öz müavini - hərbi hazırlıq müəllimi İsmayıl Hüseynov vasitəsilə təzyiq göstərib: "Ötən ilin dekabrında İsmayıl Hüseynov mənə dedi ki, direktorla bağlı sosial şəbəkədə yazmamalı idin. Hətta dedi ki, direktor artıq səninlə işləmək istəmir, ərizə yaz və işdən çıx. Mən bunu etməyəcəyimi dedim. Onda məni zorla işdən çıxaracaqlarını bildirdilər. Dedilər ki, səni Əmək Məcəlləsinin 70-ci maddəsinin "C” bəndi ilə işdən çıxararıq”. 

İsmayıl Hüseynovun davamlı təhdidlərindən sonra Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə, həmçinin direktora rəsmi müraciət edib: "Müraciətimdən sonra direktor məni və müavinini otağına çağırdı. Otaqda kamera olduğuna görə İsmayıl Hüseynov təhdid etdiyini boynuna almadı, əksinə, məni onu təhqir etməkdə günahlandırdı. Onlara dedim ki, bütün bu təzyiqlərlə məni intihara sürükləyirsiniz. Məcbur edirsiniz ki, özümə qəsd edim”. 

"Məqsəd digər müəllimləri də qorxutmaqdır”

S.Rəhmanova bildirib ki, direktor bu hadisədən sonra ona qarşı yeni plan qurub və polisə müraciət edib: "Mən otaqdan çıxandan sonra direktor akt tərtib edib və texniki işçilərə imzalatdırıb ki, guya İsmayıl Hüseynovu təhqir etmişəm. Həmin aktı da 37-ci Polis Bölməsinə göndərib. Polisə çağırılanda bunun şər-böhtan olduğunu dedim. Hətta bildirdim ki, onlardan öncə polisə mən müraciət etmişəm, amma ərizəmi araşdıran olmayıb. Ötən həftə isə direktor zəng edərək məni "NZS” qəsəbəsinin sahə müvəkkilinin çağırdığını dedi. Məlum oldu ki, xuliqanlığa görə 50 manat cərimələnmişəm”.

S.Rəhmanova həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyi ona şikayətlə bağlı araşdırma aparıldığını desə də, bu gün prosesə xitam verib: "Biz gözləyirik ki, Təhsil Nazirliyi də şikayəti araşdırsın. Görünən odur ki, nazirlik də bu məsələdə maraqlı deyil. Direktoru müdafiə edənlər məni dinləmək belə istəmirlər”. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Toplum TV”-yə bildirilib ki, qeyd edilən məsələ bağlı rəsmi açıqlama yayılıb. Açıqlamada məsələnin araşdırıldığı bildirilib.

Cəsarət Valehov - Sosial Media

Təhsil Nazirliyi: "Məsələ araşdırılır"

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Toplum TV"-yə deyib ki, nazirlik hadisədən xəbərdardır: "Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyi məlumatlıdır və iş üzrə nazirlikdə araşdırma başladılıb. Araşdırmanın nəticəsi ilə bağlı isə KİV nümayəndələrinə və ictimaiyyətə geniş məlumat veriləcək".