Çörəyin qiyməti bahalaşa bilər

Çörəyin qiyməti bahalaşa bilər

18-07-2019 19:24 / Bu xəbər 1279 dəfə oxundu

Nemət Əliyev: "Normalda buğda və arpa ucuzlaşmalıydı''

"Buğdanın qiymətinin artması çörəyin yenidən bahalaşmasına təsir edə bilər”.

Bu barədə AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev yazıb.

Nemət Əliyev xatırladıb ki, ötən il bu vaxtlar kiloqramı 23-25 qəpiyə satılan buğda hazırda 38-39 qəpiyə, kiloqramı 25-27 qəpiyə satılan arpa isə hazırda 35-38 qəpiyədir. Buğda ötən ilə nəzərən 55-65 faiz, arpa isə 40-41 faiz səviyyəsində bahalaşıb. Lakin taxıl istehsalının qızğın çağında bahalaşma deyil, ucuzlaşma yaşanmalıydı. Ucuzlaşma olmasa da, bu dərəcədə bahalaşma olmamalıydı. Ona görə ki, daxili bazarlara mal təklifi çoxalıb.

Nemət Əliyevin sözlərinə görə, 2018-ci il 9 iyul tarixinə sahələrdən 2 milyon 319 min ton taxıl tədarük olunubsa (Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının açıqladığı məlumat), 2019-cu il 9 iyul tarixinə sahələrdən 2 milyon 884 min ton (Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumat) taxıl tədarük olunub:

"Bu iki göstəricinin müqayisəsindən məlum olur ki, ötən ilə nəzərən taxıl tədarükü bu il 565 min ton və ya 24 faizdən çox artıb. Deməli, yerli istehsal hesabına bazarlara yarım milyon tondan çox buğda və arpa çıxarılıb, yaxud təklif edilib. Bu hal qiymətlərin səviyyəsinə mütləq azaldıcı təsir göstərməliydi. Dövlət Gömrük Komitəsinin yanvar-iyun dövrünə dair məlumatına görə, xaricdən bu il 576,489 min ton, ötən il isə 538,781 min ton buğda alınıb. Yəni, idxal hesabına da daxili bazarlara buğda təklifi bu il 7 faizə qədər artıb. Təklif, diqqət edin, istehsal hesabına 24 faiz, idxal hesabına 7 faiz artıb. Deməli, normalda buğda və arpa ucuzlaşmalıydı. Lakin ucuzlaşmayıb. Nəinki ucuzlaşmayıb, hətta bazar iqtisadiyyatının əsas qanunu olan tələb-təklif qanununun ziddinə olaraq kəskin bahalaşıb”.

Nemət Əliyev
Mənbə: Foto: Amerikanin sesi

İqtisadçı bildirib ki, taxılın hazırkı bahalaşma səviyyəsi taxıl istehsalına dair açıqlanan rəsmi məlumatların həqiqiliyini böyük sual işarəsi altına almaqla yanaşı, həm də çörəyin qiymətləri üzərində təzyiqləri xeyli artırıb və bu davamiyyət çörəyin növbəti bahalaşması ilə nəticələnəcək. Eyni zamanda, quşçuluq və heyvandarlıq təsərrüfatlarına təsir də qaçılmazdır. Odur ki, əhalinin gəlirləri ilə bahalaşma səviyyəsi arasında düz-əməlli tənzimləmə həyata keçirilməzsə, ölkədə həyat səviyyəsi daha da düşəcək.

Bu ilin yanvar ayında unun qiymətində artım müşahidə olunmuşdu.

2018-ci ilin sentyabrında 50 kiloqramlıq kisədə unun qiyməti 20 manat 60 qəpik idisə, yanvarda 26-27,5 manata satılırdı.

Çörək istehsalı ilə məşğul olan sahibkarın verdiyi məlumata görə, bazarda kritik vəziyyət yaranıb:

"Böyük dəyirmanlar – "Fatoğlu”, "Ərərboğlu” və s. 26 manatdan aşağı un satmır. İlin əvvəlindən verilən bütün malları elektron qaimə ilə satılır. Bu da hər kisə unun üzərinə əlavə 80 qəpik xərc deməkdir. Bundan başqa, 35 qəpik də daşıma pulu alınır. Dükanlarda isə unun bir kisəsini 27 manatdan aşağı satmırlar”.

Meydan.tv