Azərbaycanda un və çörək bahalaşdı

Azərbaycanda un və çörək bahalaşdı

19-08-2022 12:20 / Bu xəbər 1071 dəfə oxundu

Azərbaycanda un və çörək qiymətləri bahalaşıb. 

Bu barədə Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumat yayıb. 

Məlumatda bahalaşma COVİD-19 pandemiyasının təsirləri ilə əlaqələndirilir.

Bildirilir ki, dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir.

"Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək", - deyə məlumatda qeyd olunub.

Bakının bəzi ərazilərində isə artıq un kilo ilə satılır, 1 kilosu 1 manatdır. Bir nəfərə 2 kilodan artıq un verilmir. Bu isə hamıya çatması ilə izah edilir.

Bir həftə öncəyədək qiyməti 38 manata olan 50 kiloluq un bölgələrdə də bahalaşıb. 40-45 manata satılır.

Masazır sakini Nailə Məmmədova deyir ki, evinin yaxınlığındakı marketlərdən 10-25 kiloluq un tapa bilməyib.

50 kiloluq un isə günlərdir yoxa çıxıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, unun qiyməti regionlardan başlayaraq bahalaşdırıla-bahalaşdırıla mərkəzə doğru gəlir: "Artıq iki gündür ki, regionlarda 50 kiloqramlıq un kisəsinin qiyməti 38 manatdan 43 manata qaldırılıb. Üstəlik, təklif olunan unun keyfiyyəti aşağı, qiyməti isə yüksəkdir”.

Unun qiymətinin qalxması dünya bazarlarında ərzaqlıq buğdanın bahalaşması ilə izah edilir. Səbəb isə 2 taxıl ixracatçısı olan ölkələr – Rusiya və Ukrayna arasında gedən müharibədir. Müharibə nəticəsində hər iki ölkə ixraca limitlər tətbiq edib. Ukrayna limanları ümumiyyətlə, istifadəsiz qalıb.

Bu da dünya bazarlarında həm buğda qıtlığı, həm də qiymət artımı ilə müşahidə olunub.

Beynəlxalq və yerli ekspertlər bu istiqamətdə qiymət artımının davam edəcəyi qənaətindədir.

Rəsmi statistikaya görə, Azərbaycana çörək üçün illik 3.5 milyon ton buğda lazımdır. Ölkə buğdaya olan tələbinin 40 faizini idxal hesabına ödəyir.

Məsələn, 2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1.9 milyon ton olub. 2022-ci ildə isə əkin 547,2 min hektar ərazidə aparılıb.