27 il öncə
27-02-2019 03:37 / Bu xəbər 2089 dəfə oxundu
Nurlan Mirəli
Həmişə olduğu kimi dünən də Zöhrəni (qızım)baxçadan götürməyə getmişdim.
Baxçanın pilləkanlarını düşdükcə uşaq nəsə deyirdi. Mənsə maşına qədər nə dediyinə fikir vermədim. Həmişəki şıltaqlıqlarından zənn etdim. Amma maşında israrla mənə: "Müəllim dedi ki, sabah qərənfil gətirin”, - dedi.
Beləcə evə qədər "dalaşa-dalaşa”getdik. Mən almayacağımı, o isə israrla,"müəllimə dedi ki, qərənfil gətirin”, - dedi. Evə çata-çatda soruşdum ki, müəllimə qərnəfili nə üçün istəyir?
Dedi ki, sabah Xocalı bayramıdır...
Arada bir az pauza yarandı. Bu sözlər məni bir anlıq 27 il geriyə apardı. Bir anlıq 1992 ci ilin fevralını xatırladım. Həmin il 2 ci sinif də oxuyurdum. İndiki kimi xatırlayıram: günəşli bir gün idi. Biz Muğanda yaşadıqımzdan fevral ayı üçün bu, normal idi. Səhv etmirəmsə, ayın 27-si idi.
Səhər məktəbə getdik, 1-ci ya da 2 ci dərsdən bizi çııxarıb məktəbin önünə yığdılar. Məktəbimizin tarix müəllimi Faday müəllim orada çıxış etdi. O çıxışdan sonra bizi evə buraxdılar, yol boyu "sevinərək” "təbəssümlə” bir-birimizlə zarafat edərək evə getdik. O gün 2-ci sinif şagirdləri Nurlan, Aqil, Fuad (üçümüz də qonşu olmuşuq, bir sinifdə oxumuşuq) üçün hansı günün olduğu elə də önəmli deyildi.
O gün bizi məktəbdən evə buraxmışdılar, bu bizim üçün "bayram” idi. Mən evdə də ağız dolusu məktəbdən tətil edildiyinin mahiyyətini dərk etmədən danışırdım. Atamsa bu gün məktəbdən buraxılmamızın səbəbi haqqında 2-ci sinif şagirdi üçün bir müəllim kimi, ziyalı kimi, qısa da olsa, nəsə danışdı.
O zaman olanları bir ədəbiyyat müəllimi necə təsəvvür edə bilərdisə, inanıram ki, o şəkildə də mənə danışıb... Amma mən illər sonra anladım ki, atamın mənə anlatdıqları və Faday müəllimin məktəbin önündəki o məlum çıxışında fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verənlər haqqında danışılıb.
Zaman keçdikcə mən hər dəfə 1992-ci ilin o günü - sevinərək,”bayram”dır deyib evə getdiyimizi xatırlayıb utanırdım... Və 27 il sonra tarix təkrarlanır. Mən də bu gün qızıma Xocalı haqqında qısa da olsa, danışdım.
Məncə, bu, zamanın ironiyasıdır. Bu qısa anlatmamdan onun yaddaşında nələr qalacaq bilmirəm, amma inanıram ki, 27 il sonra onun da övladına danışacaq təəssüratları olacaq...












