Vəkil ReAl-ın qurultayına niyə qatılmadı? - "Bu səngərdən çıxa bilmədim"

Vəkil ReAl-ın qurultayına niyə qatılmadı? -

06-08-2020 11:07 / Bu xəbər 2690 dəfə oxundu

Vəkil Cavad Cavadov ReAl Partiyasının təsis qurultayında niyə iştirak etmədiyi və partiyada təmsil olunmaması ilə bağlı sosial şəbəkələrdə ona ünvanlanan suallara aydınlıq gətirib.

O, Arqument.az-a bildirib ki, partiya rəhbərliyi tərəfindən qurultaya dəvət alıb, lakin iştirak etməyib. 

"Əziz dostlar, bilirəm ki, müəyyən suallarınız var və bu suallara cavab verməyə çalışacağam. Etiraf etməliyəm ki, mən bu Qurultayı səbirsizliklə gözləyirdim və Real Partiyası da öz növbəsində mənə dəyər verərək Qurultaya dəvət etmişdi. Bu mövzu ilə bağlı hörmətli İlqar Məmmədov başda olmaqla bir çox üzvlərlə də müzakirə aparmışıq. Mənim qərarıma hörmətlə yanaşdıqlarına görə onlara təşəkkür edirəm. 

Cavadov ReAl-ın dəyər və prinsiplərini bölüşdüyünü də qeyd edib: "Nəhayət, "Cavad Cavadov niyə Real Partiyasının qurultayında yox idi?” sualına aydınlıq gətirim: 

- İlk olaraq qeyd etmək istəyirəm ki, Real-ın dəyər və prinsiplərini bölüşürəm, onları dəstəkləyirəm və bu yolun düzgün yol olduğuna əminəm. Sadəcə, mən vəkiləm, xüsusən insan hüquqları sahəsində ixtisaslaşan bir vəkiləm. Həyatım boyu bir prinsiplə yaşamışam – yapışdığım işə özümü tamamən həsr etməklə, vicdanla, peşəkarcasına yanaşıram. Bu gün, sözün əsl mənasında bu işdə böyük yük altındayam, bir çox insanların yükü çiynimdədir. Bəzən işlərimi çatdıra da bilmirəm, dostlar-yoldaşlar köməyə gəlir. 

Mən partiya işini qatıldığım vaxt prinsiplərimə uyğun olaraq bütün zamanımı və enerjimi bu istiqamədə yönəltməli olacaqdım. Başqa cür bacarmıram. Belə olan halda isə hər iki sahədə faydasız, yolaverdi, alayarımçıq bir iş alınacaqdır. Bu isə mənə yaddır, prinsiplərimə ziddir. Belə olan halda mən seçim etməli idim, bugünkü seçimim bu idi – nahaqdan həbs həyatı yaşayanların, "Sovetski" və digər yerlərdə evi sökülənlərin, hüquqları pozulanların yanında olmaq, onları müdafiə etmək. Onların qarşısında mənəvi öhdəliklərim var, onlar mənə inanır və güvənirlər. Onları yarıyolda qoya bilmərəm", - vəkil qeyd edib. 

Cavad Cavadov ReAl-la bundan sonrakı münasibətlərinə də aydınlıq gətirib. 

O deyib ki, bundan sonra ReAl-ın açıq tədbirlərində iştirak edəcək: "Hesab edirəm ki, bu zaman kəsiyində insan hüquqları sahəsində ixtisaslaşan bir vəkil kimi cəmiyyətə daha çox xeyir verə bilərəm və cəmiyyətimizin real durumunu nəzərə alsaq, hər bir vəkil qızıla bərabərdir. Bu səngərdən hələ ki çıxmaq istəmirəm, döyüşlərimiz çoxdur. Sağ olsunlar, dostlar, anlayışla bunu qarşıladılar. Qəbul etdilər. Bundan sonra da partiyanın açıq olan tədbirlərində imkanım daxilində iştirak edəcəyəm, partiyanın inkişafında, qanunvericilik təşəbbüslərində əməyimi əsirgəməyəcəm".