""37 təqvimdə deyil, kafalardadır", - dedi Hikmət Hacızadə" - Cəmil Həsənli
21-11-2020 19:11 / Bu xəbər 1187 dəfə oxundu
Cəmil Həsənli
Milli Şuranın sədri, professor
Sonuncu dəfə onunla ABŞ-a yola düşməzdən əvvəl görüşmüşdük. Fəvvarələr meydanında yaxşı çay içdik, maraqlı söhbət etdik.
Xaricdə çıxan kitablarımı verdim Hikmət bəyə. Gənclər üçün elektron kitabxana yaratdığı üçün nəşr olunan kitablarla maraqlanırdı.
Ölkədə demokratiyanın durumu və perspektivləri, totalitarizmin güclənməsi haqqında da maraqlı müzakirəmiz oldu.
Özünəməəxsus orjinallıqla: "37 təqvimdə deyil, kafalardadır”, - dedi Hikmət bəy.
Kafalardan 37 sindromunu çıxarmaq üçün uzun və maraqlı bir yol keçdi Hikmət bəy. Ölkədə liberal ideyaların yayılmasında onun "Demokratiya haqqında 150 000 işarə"si uğurlu bir başlanğıc idi.
O yalnız demokratiyanın təməl prinsiplərini bu 150 000 işarəyə sığışdırmadı, həm də "Demokratiya: Gediləsi uzun bir yol"un yolçusu oldu. Hətta avtoritarizmin tüğyan etdiyi ən çətin məqamlarda ölkənin demokratiya çırağı qatı payız dumanında öləziyib bəsirət gözü ilə sezilən bir işartıya çevriləndə belə, Hikmət bəy ümidini itirmədi. Elə bu ümidlə də bizləri tərk etdi.
Hikmət bəy ixtisas etibarı ilə fizik idi. Fikir və düşüncələrində dəqiqlik və konkretlik də görünür buradan qaynaqlanırdı. Bəzi şeyləri də nisbilik nəzəriyyəsinin tələblərinə uyğun izah edirdi.
Fizika qanunlarını cəmiyyətin inkişaf qaydalarına uyğunlaşdıraraq o, milli inkişaf prosesində doğru olanı, düz olanı, təmiz olanı ayırmağı, altını cızmağı, yolun düzü ilə getməyi bacarırdı.
Hikmət bəy xalq adamı idi. Onun xalqçılığı xəyali deyil, gerçək, real, əməli xalqçılıq idi. O, yalnız millətin xoşbəxtliyin arzulamırdı, bu xoşbəxtçiliyə çatmaq üçün çoxları üçün qeyri-adi görünə biləcək addımlar atırdı.
Öz sadəliyi, dərin intellekti, güclü yumor hissi, geniş dünyagörüşü, mənəvi ucalığı, millətə təmənnasız xidməti ilə Hikmət bəy örnək şəxsiyyət idi.
O, Milli diriliyi öz balaca vicudunda yaşadan, çağdaş zəmanəmizdə millətin azad dünyaya baxan sifəti, görən gözü, sözün tam mənasında bütün tərəfləri ilə millətin işıqlı bir zərrəsi idi. Bundan sonra da gedəcəyimiz yolu işıqlandıracaq zərrəsi!