Qubad İbadoğlu niyə həbs olundu?

Qubad İbadoğlu niyə həbs olundu?

31-07-2023 21:12 / Bu xəbər 1404 dəfə oxundu

Şəmşad Ağa

Qubad İbadoğlunun həbsi və qondarma ittihamlarla bağlı sosial şəbəkələrdə müxtəlif versiyalar səsləndirilsə də, ilk gündən prosesin mahiyyətini yazmışam. 

Yenə o fikirdəyəm ki, Qubad İbadoğlunun həbsi mürtəce "Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra siyasi məkanın daha da darıldılması prosesinin tərkib hissəsidir. 

Xatırlayırsınızsa, hökumət bir müddət öncə göbələk partiyaları qeydiyyata almağa, ofislə təmin etməyə, çoxpartiyalılığın faydalarından danışmağa, hətta partiyalar üçün turlar təşkil etməyə başlamışdı. Beləliklə, 51 partiya 59-a çatmışdı. 

Bizim lağ-lağıya çevirdiyimiz siyasi proseslərin isə düzgün qiymətləndirilməsi olmadı. Açığı, heç hakimiyyətin addımlarını qiymətləndirmək də olmur. Çünki qərarlar çox qapalı dairədə verilir, bir gündə dəyişə bilir, informasiyaya çatımlığımız isə 0 həddindədir. Ona görə də hər dəfə "sürpriz”lərlə qarşılaşırıq.

"Siyasi partiyalar haqqında” mürtəce qanun qəbul edildikdən qısa müddət sonra hakimiyyət siyasi partiyaları reyestrə - beyətə dəvət etdi. Bundan sonra qəfil partiyaların qapadılması prosesi başlandı. Hətta eləsi oldu ki, sədr özü partiyanın bağlanması ilə bağlı xəbəri yandaş mediada oxudu və ya jurnalistlərdən eşitdi (Bununla bağlı Meydan TV yazı da hazırlayıb. orada bir neçə fakt da var). Bununla da partiyaların sayı 30-a endirildi, çox güman ki, hələ proses davam edəcək. 

İndi də reyestr adı altında müxalif təşkilatlara psixoloji və siyasi basqılar edərək müqaviməti tamamilə qırmağa və ya öz istəklərinə uyğun ram etməyə çalışırlar.

Bəs Qubad İbadoğlu nə etdi? 

O, ADR Partiyası ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət etsə də, nazirlik tşkilatı qeydiyyata almadı. Ona görə də qanunun və reyestrin mahiyyətinə zidd olaraq partiyanı buraxdı, təşkilatı yenidən hərəkata çevirdi. Bu indiki situasiyada nə qədər doğru qərar olsa da, hakimiyyət üçün oyundankənar vəziyyət, yeni düzənə qarşı addım idi. 

Örnək üçün bir fakt da deyim: hökumətin xeyir-duası ilə qurulan və sonradan dələduzluq ittihamı ilə (əslində, heç ortada dələduzluq da yox idi, vardısa, niyə partiyanın ləğvi tələb edildi?) tutulan partiya sədri elə həbsdəcə partiyanı buraxır, sonra azadlığa çıxır. 

Qeyri-rəsmi informasiyaya görə partiya sədrlərindən biri isə bizneslə partiya arasında seçimdə qaldığını, biznesi seçdiyini deyir. Belə nümunələr çoxdur…

Heç şübhə etmirəm ki, təşkilat üzvləri ilə görüşə gedərkən saxlanılan və qondarma ittihamla həbs edilən Qubad İbadoğlunun qarşısına qoyulan tələblərdən biri də "yeni düzən”ə qarşı addımından geri çəkilmək, yəni hərəkatı buraxmaqdır. Çünki o da arzuolunmaz şəxslər kateqoriyasındadır. Zatən, onun hakimiyyətin iqtisadi siyasətini davamlı və arqumental şəkildə ifşa etməsi, Londonda oğurlanmış pullarla bağlı yaradılan və həmtəsisçisi olduğu fond hakimiyyətin qəzəbini daha da artırmışdı. 

Əliyev bir neçə il öncə "xaricdə banlayan” iqtisadçı deyəndə onunla bağlı mövqeyini aydın ortaya qoymuşdu, ƏN-in ADR-i qeydiyyata almaması da bu proseslərin doğurduğu nəticə idi. 

Uzun sözün qısası, 30 illik repressiv siyasi sistem iki mürtəce qanunla (Media və Siyasi Partiyalar haqqında) yeni düzənə hazırlaşır, adda-budda şərhlərə, təhlillərə, qənaətlərdən doğan informasiyalara rast gəlirik, amma heç kəs bu prosesin nə ilə nəticələnəcəyini, hakimiyyətin yaxın gələcəkdə siyasi sistemlə bağlı nəyi hədəflədiyini dəqiq bilmir, məlumatsızdır. Amma bir şey dəqiqdir ki, ölkə daha da qapanmağa, sərt avtoritarizmdən rəsmi monarxiyaya doğru gedir. Bunun təbliğatı üçün sosial mediada, xaricdə "yumşaq güc” də formalaşdırılıb. İndi millətçi, vətənpərvər adı ilə avrointeqrasiya tərəfdarlarına hücum edən həmin "yumşaq güc” yaxın gələcək üçün monarxiyanın əsas ruporudur. 

Bu arada "Media haqqında” Qanunla bağlı kampaniyamız dövründə aydın gördük ki, hakimiyyət özünü müstəqil sayan bir çox media təmsilçisini də "sağlamlaş”dırıb. 

Şərlənərək həbs edilən Qubad İbadoğluna və bütün siyasi məhbuslara azadlıq tələb edirəm. 

Allah köməyimiz olsun!