Narsis və Qoldmund
31-05-2023 23:51 / Bu xəbər 1902 dəfə oxundu
Ənnağı Hacıbəyli
Dünya ədəbiyyatında din həm də adi mövzudur. Xristian yazıçılar və ya ateist sənətkarlar əsərlərində çoxlu sayda mükəmməl din xadimi obrazı yaradıblar. Bu obrazlar içərisində "müqəddəslər” də var "günahkarlar” da...
Böyük yazıçılar bu obrazları yaradarkan dini ehkamlara deyil, sənət ehkamlarına tapınırlar. İkincilər daha mübahisəsiz, daha əbədiyaşardır. Üstəlik, düşüncəli və daxilən azad oxucu kontingenti həmişə fanatik dindarları üstələyib.
Herman Hessenin "Narsis və Qoldmund” romanında yaratdığı eyni adlı obrazlar da dinə və dindarlığa iki baxışın təsviridir. Dünyanı dərkin rasional və irrasional yollarının yolçuları olan iki gənc din xadiminin baxışları bir-birinə ziddir. Lakin bu ziddiyyət fanatik dindarla əhli-kef eks-dindarın ömür boyu uzanan qardaşlığına mane olmur.
Hesse onları adi dindardan daha yüksək mərtəbəyə qaldıra bilib.
Narsis gerçək din xadimidir. O, əmindir ki, əsl din xadimi şəxsiyyətini qurban verdiyi vəhdətə, təfəkkürə, intizama xidmət edir. Qadınlardan, fiziki həzzdən, bütün real həyat nemətlərindən özünü məhrum edən Narsis həyatını dinə təmənnasız xidmətə həsr edir. Amma o, dinə kor-koranə itaət etmir. Din onun cismində, təfəkküründə, düşüncələrində, gündəlik həyatında yaşayır. Onun üçün Tanrı təkcə ehkamlarda deyil.
Tanrıya ən təmənnasız və kamil xidmətçilər olan sufilər kimi Narsis də əmindir ki, Tanrını axtarmaqla tapmaq mümkün deyil. Heç onu axtarmağa da gərək yox. O ya sənin qəlbində və düşüncələrində, baxdığın hər yerdədir, ya da sadəcə ehkamdır. Ehkamı isə görmək mümkünsüz. İnsanın bəsirət gözü daha uzaqlara dikilir.
Narsisin moizələri də ehkam deyil. O heç nəyi gerçəklikdən qıraqda, abstrakt aləmdə axtarmır. Onun fikrincə, yaratdıqlarından fərqli olaraq "Yaradan mükəmməl və kamil varlıqdır. Yer üzü başdan-başa harmoniya və ədalətdən ibarətdir. İnsan mehribanlıq mücəssəməsidir, amma heç bir mütəfəkkir bu gerçəyi təsdiqləməyə cürət etmir. Dünya - mərkəzində yaradanın taxtı ucalan çevrənin ali harmoniyasıdır".
Tanrını görə bilməyənlər bu harmoniyanın fəzasında sərgərdan qalmışlardır. Heç Tanrı özü də əlçatan, toxunulan, qorxulu varlıq deyil. O sənsən, mənəm, qəlbindən hər cür xofu çıxarıb oranı gözəlliklərlə, ədalətlə, mərhəmətlə doldurmuş varlıqlardır. O gözəllik ki dünyanı ondan başqa heç nə və heç kim xilas etməyəcək.
"Yer üzü başdan-başa harmoniya və ədalətdən ibarətdir”.
Yəqin ki, çoxları bu hökmü gülüş, bəlkə də, ironiya ilə qarşılayacaq. Amma nahaq. Bunu humanist Hessenin arzusu kimi qəbul etmək olmazmı? Bir də ki o əbədi harmoniya və ədaləti pozanları qınayın. Tanrı və onun hökmü ilə danışan seçilmişlər bu pozuntunun günahkarları deyillər…
Qoldmund başqa düşüncənin daşıyıcısıdır. Onun inamına görə müqəddəs həyata ən qısa yollardan biri pozğun həyatdır. Dini dərsləri yarımçıq buraxıb səyahətə çıxan Qoldmund "kefqom", səliqəsiz həyat sürür, başı qadınlara, eyş-işrətə qarışır, gah ac, gah tox həyat tərzi onun üçün adi hala çevrilir. Dostu Narsis həyatda ən böyük sevgisi, yeganə tapındığı varlıq olsa da, düşüncələrində onunla dartışır, seçdiyi yola haqq qazandırmağa çalışır.
Dini sənətə dəyişən "günahkar” Qoldmund burada da filosofdur: "Böyük incəsənət əsərləri mövcudluğun faniliyinin aşılmasıdır”.
Bu, dinə fanatik münasibətin fövqündə dayanan düşüncədir. Var olmaq fanidir, keçəridir, əbədiyyət insan yaşamında deyil, onu kamillik dərəcəsində ifadə edən sənət əsərlərindədir.
Belə əsərlərin gücü isə məhz faniliyin aşılmasında, əbədiyyətin bənzərsiz təsvirindədir.
Mövcudluğun faniliyinin aşılmasının, insanlığa sevginin ən klassik nümunəsini peyğəmbərlər, insanlığı itaətə səsləyən din adamları deyil, böyük Nəsimi yaradıb:
"Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mömin mənəm, kafir mənəm, mən külli-insan olmuşam”.
Ondan başqa heç kəs bu iddianı belə mükəmməl şəkildə ortaya qoyub gerçəkləşdirə bilməyib. Nəsimi sənətin və insanlığın ötəsində ucalan insanlıq fədaisi və abidəsidir. O ucalığa kimsənin əli yetməz, ora ancaq əl açmaq olar.
Qayıdaq Hesseyə.
Qoldmundun "Düşünmək, amma heç nə təsəvvür etməmək mümkündürmü?” sualına Narsisin cavabı belədir: "Əslində, təfəkkürün obrazlarla əlaqəsi yoxdur. O, obrazlarda deyil, anlayışlarda gerçəkləşir. Obrazlar bitən yerdə fəlsəfə başlayır. Sən mistiklər kimi təfəkkürün cəngəlliklərində itib batmadın, rəssam oldun və obrazlar dünyasına sahib çıxdın, o dünyaya ki, orada həm yaradıcı, həm hakim ola bilərsən”.
Fikir verirsinizmi, kamillik dərəcəsinə çatmış din xadimi "yolunu azmış” din qardaşını mühakimə etmir, dini ehkamları sənət ehkamları ilə əvəz etmiş eks-dindarın yüksək sənətini təqdir edir. Çünki böyük sənət əsərləri kimi kamillik də ideoloji ehkamların "faniliyinin aşılmasıdır”.
Dinindən, milliyyətindən, məkandan asılı olmayaraq kamilliyə varmış böyük mütəfəkkirlər eyni ananın övladlarıdır. Nəsiminin varlığından xəbərsiz Qoldmund "Dünya duracaq yer deyil, ey can, səfər eylə” hökmünü sadəcə eyş-işrət üçün qəbul etmir, bu səfər onu kamil bir ustada çevirir. Özünü axtaran səyyah sərgərdan birisi deyil.
O özünü tapanda haqqı da tapır, haqq isə hər yerdə olsa da, bəzən onu görmək üçün çox uzaqlara zillənməlisən. İlğımların o tayında olanları görmək hər kəsə nəsib olacaq bəxtəvərlik deyil. Yaradan o bəsirət gözünü ancaq seçdiklərinə verib.
Seçilmişlərdən olsaydıq, nə dərdimiz…