Altay Göyüşov partiyaların reyestrindən yazır

Altay Göyüşov partiyaların reyestrindən yazır

21-07-2023 14:56 / Bu xəbər 1749 dəfə oxundu

Altay Göyüşov

Ya qeydiyyata aldılar, ya almadılar, heç bir mənası yoxdur.

ReAl bu ölkəyə köklü dəyişiklik gətirə biləcək bir qurum idi, partiyalaşmaq yolunu seçməklə özünün üzərindən bir yekə xətt çəkdi, məsələ də onunla bitdi. 

Köklü dəyişiklik ona görə deyirəm ki, ReAl-ın mövcudluğunun özü hökuməti bir çox xırda kosmetik dəyişikliklərə getməyə vadar etmişdi. 

ReAl bu hökumət üçün çox narahatlıq yaradan bir qurum idi. 

Azərbaycanda bu köklü dəyişiklikləri gətirə biləcək bir başqa qurum da Müsavat Partiyası olmuşdu, 1998-2005-ci illər arasında. 

2003-cü ildə bu ümid xeyli ölçüdə ölsə də, amma az da olsa, 2005-ə kimi inersiya ilə davam etdi, sonra isə yox oldu.

Niyə məhz Müsavat və ReAl ölkəyə dəyişiklik gətirə bilərdi? Çünki ikisi də dövrünün orta sinfinin böyük dəstəyinə malik idi. Dövrünün orta sinfi ona görə deyirəm ki, Azərbaycanda orta sinfin xarakteri, konturları bu dövlərdə müxtəlif olub, dəyişib. 

Hakimiyyət bu iki qurumun ikisini də müxtəlif dövrlərdə məğlub edəndən sonra onların sosial bazasının könlünü almaq üçün çox vaxt kosmetik, bəzən isə fəaliyyətində cüzi də olsa, həqiqi korrektələr edib. Yəni onların bazasını tamamən iqnor etmək yolu tutmayıb, bu, öz başına daş salmaq olardı...

O ki qaldı AXCP-yə, bu təşkilat heç vaxt köklü dəyişikliklər gətirə biləcək bir qurum olmayıb. Çünki AXCP lümpenin partiyasıdır, həmişə lümpenə xitab edib. 

Lümpen özü isə çoxdur, amma bu çoxluq özbaşına dəyişiklik gətirə biləcək gücdə bir təbəqə deyil. Başsız atlı kimi bir şeydir, sürətlə çapır, amma xaotik şəkildə, yəni mənzil başına getmir. 

AXCP-nin indi ReAl-dan fərqli olaraq beş min imza yığması asandır, çünki həm lümpen çoxdur, həm də itirəcəyi heç nə yoxdur, rahatlıqla adını Ədliyyə Nazirliyinə verə bilər. 

ReAl-ın hətta bazasının güclü vaxtlarında da belə bir lüksü olmayıb, çünki işi-gücü, stabil ortabab gəliri olan ReAl sevdalısının itirəcəyi hazırda əlində olan nisbi rifahı olub.  

Orta sinif mahiyyəti üzrə çox merkantildir. O tutaq ki, aristokratiyaya, elitaya həsəd aparır, onu yamsılayır, onun verdiyi dəblə, zövqlə, normalarla gedir, amma eyni zamanda onu yıxıb yerinə keçmək istəyir. Amma bu zaman xaos, qarışıqlıq, xəta, bəla istəmir. 

Üzdə görüşəndə aristokratiyaya yaltaqlanır, dalda isə onu söyür.

Lümpendən isə orta sinfin zəhləsi gedir, ona çuşka, kasıb, potensial xəta, bəla, xaos, özünün ortabab səviyyəsinə təhlükə mənbəyi kimi baxır. 

AXCP-nin orta sinfin rəğbətini qazanmaq ehtimalı varmı? Bu həyatda hər şey mümkündür, amma hazırda mümkün olmayan bir xülya kimi görünür. 

Tarixdə dəyişikliklər adətən orta sinfin ya lümpenlə, ya da aristokratiya-elita ilə taktiki birləşməsi hallarında daha çox baş verib. 

ReAl-ın partiyalaşması, əslində, lümpenə xitab cəhdi idi. Üzeyir Mehdizadə aşiqliyi elə-belə yaranmamışdı. Həmin bu şüuraltı lümpenə xitab inersiyası ilə baş vermişdi. Alınmadı.

"Dialoq” isə məhz elita-aristokratiya ilə taktiki yaxınlaşmaq, özləri dediyi kimi elitanı içəridən dəyişikliyə sövq etmək cəhdi idi. Amma o da bu vaxta kimi daha çox hökumətin istədiyi məcrada davam etdi, ReAl-ın özü tədricən gülməli formaya düşdü. 

ReAl bu sistemdən kənarda fərqli idi, içinə girəndən sonra labüd olaraq özü o sistemə oxşamağa başladı, malakeşlik sənətinə yiyələndi. Bununla belə, ReAl hələ də tutaq ki, AXC içindən çıxmış Qüdrət, Fazil səviyyəsinə enməmişdi. Təkcə Erkinin demokratik seçki ilə bağlı dediyi bu hökumətə iynə kimi batmışdı. Yəni proses gedir, amma hələ tamamlanmayıb.

Təbii ki, hökumət üçün ən ağıllı yol bunları qeydiyyata alıb, deqradasiyanı davam etdirmək, Erkini tamamən Raziyə döndərmək olar. Əslində, ReAl-ı camaat içində: "Cəmi 400 nəfər üzvü var”, - deyib, bir daha biabır edəndən sonra qeydiyyata almaq bu yolda ən məntiqli addım olardı. Amma edəcəklərmi, bunu bilmirəm.

Fakt odur ki, bu gün artıq orta sinfi yanına çəkə biləcək, onun üçün cəlbedici olacaq, başqa sözlə, dəyişiklik agentinə çevrilə biləcək qüvvə yoxdur. 

Yuxarıda sadaladığım səbəblərlə yanaşı, orta sinfin özündə baş verən növbəti dəyişiklik də buna səbəbdir.

Firuzə Nəhmətova BRI üçün avtoritar orta sinif adlı bir maraqlı məqalədə bunu izah etmişdi. Çox qısaca belə izah edək ki, bugünkü orta sinif əsasən əhalinin 45 yaşından aşağı təbəqəsidir. 

Bu təbəqənin xeyli üzvü əvvəlki dövrlərin orta təbəqələrindən fərqli olaraq, ya xaricdə təhsil alıb, ya da ən azı ingilis dilini öyrənib və internet səbəbilə dünyagörüşü daha genişdir.

Fəqət bu dövrlər ərzində hakim ailə nəinki siyasi monopolistə, həm də rəqibsiz iqtisadi monopolistə çevrilib. Yəni sən gənc, müəyyən biliklərə, ixtisasa sahib mütəxəssissənsə, dolanmaq üçün ya dövlət qulluğunda olacaqsan, dövlət müəssisəsində işləyəcəksən, ya da adı özəl, özü isə hakim klanın əlində cəmləşmiş "özəl sektorda”, yəni holdinq, bank-filanda yenə bunların işçisi olacaqsan. 

Sənin müstəqil, fərqli mövqeyin birbaşa dolanışığını təhlükə altına qoya bilər. Siyasətə qarışmamaq ortabab tələbatını ödəmək üçün şərtə çevrilib. Bir az ibarə ilə desək, hətta sən ortabab kafe sahibisənsə belə, bir görkəmli müxalifətçinin üç dəfə dalbadal gəlib sənin kafendə yemək yeməsi narahatlığına səbəb olacaq. Yəni sistemin təmərküzkəşməsi, konsolidasiyası orta sinfin siyasətdən özünü tamamilə təcrid etməsinə səbəb olub. 

Bu təbəqənin əlindəki ilə razılaşmayan nümayəndələri isə, yenə mövcud şərtlər daxilində tamamilə məntiqi olaraq, siyasətə qarışmaqdansa, professional fəaliyyəti ilə qazancını artırmaq üçün xaricə köçür. 

Orada isə ya siyasətdən uzaqda dayanır, ya da xarakterik merkantilliyinə, yaxud millətçiliyinə görə diktaturanın səfirlikləri ilə əməkdaşlığa başlayır. 

Hökumət onları köçdükləri yerə qaytarıb, ya simpozium-zadla, ya da Şuşaya oppalara aparmaqla, bir sözlə hap-gopla ələ alır. 

Bunula belə, hələ nə orta təbəqəni, nə də onun elitaya xarakterik həsəd qarışıq ikrahını heç kim ləğv etməyib. Yəni şərtlər yerindədir. Bu təbəqənin rəğbətini qazana biləcək hər hansı siyasi qüvvə, qeydiyyat reyestrinə adının düşüb-düşməməsindən asılı olmayaraq, növbəti potensial dəyişiklik gətirə biləcək vasitəyə çevriləcək. 

Müqəddəs yer heç vaxt boş qalmır. 

Avtoritarizmin çöküşü isə qaçılmazdır.