Əfv edərsiniz...

Əfv edərsiniz...

18-05-2023 14:15 / Bu xəbər 1557 dəfə oxundu

Yalçın İmanov

Əfv günahsızlığın təsdiqi deyil. 

Günahsız həbs edilən ictimai-siyasi şəxslərin əfv ərizəsi yazması ona görə həmişə belə dərin məyusluq və ağrılı müzakirələr yaradır. 

Sözsüz ki, burada yazılan ərizədən və ora atılan imzadan daha çox, əfvin hüquqi-siyasi məzmunu və fəlsəfəsi önə çıxır.  

Əfv ərizəsi, təqsirsizlik anlayışına ziddir. Günahsızlıq bəraət tələb edir, əfv isə günahlılığın, təqsirliliyin bağışlanması, əfv edilməsidir.   

Əgər insan günahsızdırsa, elə belədə tanınmalıdır, ona haqqı olan verilməli, təqsirli olmamasına dair yekun məhkəmə hökmü çıxarılmalıdır. 

Əfvetmə isə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan qaldıran, götürən hal deyil, "Əfvetmə haqqında" Əsasnamə belə deyir.

Əfvetmə haqda müraciətdə törədilmiş cinayətlə bağlı şəxsin peşmançılıq çəkməsi və əfvetmənin mümkünlüyünü göstərən digər halların göstərilməsi şərt kimi nəzərdə tutulur. Yəni müraciətdə bu xüsusatlar "göstərilə bilər” yox, "göstərilməlidir”. 

Qəti şəkildə. Hökm kimi. Şəxsin əfv olunması üçün onun etdiyi əməlin yüngül, ötəri belə olsa, ilk növbədə onun özü, yaxud müraciəti imzalayan müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən pislənilməsi, qınanılması lazımdır.  

Əfv müraciətini və ya vəsatətini Əfv Məsələləri Komissiyasında baxılmaq üçün hazırlayan Əfv məsələləri sektoru məhkum olunmuş şəxsin törədilmiş cinayətə ...münasibətini, davranışını, törətdiyi cinayətə görə peşmançılıq çəkib-çəkməməsinə dair məsələləri araşdırır. 

Həmin sektorun tərtib etdiyi ümumi arayışda da əfv edilməsini istəyən şəxsin törədilmiş əməldən peşmançılıq çəkib-çəkməməsi haqda məlumat əksini tapır. Həmçinin Əfv Məsələləri Komissiyası qərar qəbul edərkən şəxsin cəza çəkdiyi müddətdə ...törətdiyi cinayətə münasibətini nəzərə alır. Bu Komissiyanın qərarı isə vur-tut məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və yaxud da tövsiyə olunmaması barədədir. 

Başqa sözlə, cinayətə münasibət, peşmançılıq çəkib-çəkməmək kimi ucuz detallar, əfv müraciətinin öyrənilməsi və gələcəkdə qəbul ediləcək qərarın necəliyini bəribaşdan müəyyən edən əsas "inqridientlərə” çevrilir. 

Edilməyən cinayətin, törədilməyən əməlin isə pisləniləsi, qınanılası tərəfi, ondan peşmançılıq çəkiləsi yanı yoxdur.  

Belədə isə əfvetmə vur-tut məhkum olunmuşa göstərilən minnətli humanizmin və incidən şəfqətin təzahürü olur.  

Hüquqüstü mərhəmət və rəhm...

Əfv ərizəsi, siyasi rəqiblərin ilkin bərabərlik şərtini, balansını pozur. Siyasi hakimiyyətin legitimlik problemi olan ölkələrdə isə bu disbalans, daha təsirli və həssas görünür, hiss olunur. 

Rəqiblik, bərabərlik tələb edir, bərabərlik olmayanda, bərabərlik əhvalı olmayanda, rəqiblik, sadəcə, xırda kompleksə çevrilir. Qanundankənar rejimlərlə mübarizədə ayaqda qalmaq üçün isə bərabərlik hissi, bərabərlik əhvalı mütləq əhəmiyyət kəsb edir.     

Əfv etmək böyüyə, alicənaba məxsus keyfiyyətdir, əfv olunmasını xahiş etmək isə kiçiyə, öləriyə. Əfvin ilkin ağla gələn, assosiasiya yaradan bu qənaəti, ona dair mülahizələrin yekununda da dəyişilməz, toxunulmaz qalır.   

Kiçik əfv edə bilmir, böyük isə əfv pərgarıdır. 

Necə deyərlər, "əfv, əfv verəni rahatladır, əfv olunanı yox”. 

Böyük isə nə olur-olsun daima rahat olmaq istəyir. Çünki "bağışlamaq və mərhəmət taxt-tacın ən sevimli imtiyazı və ali gücün arzu edilən simasıdır” (Bekkaria).

Əfv ərizəsi, təqsirsiz insanın böyüyə, alicənaba hüquqi mexanizmlərin yoxluğundan, ya da qısırlığından irəli gələn, bundan qaynaqlanan çarəsiz müraciətinin etirafı, təsdiqidir. 

Əfvin bolluğu, əfv sərəncamlarının "qıcqırması”, məhkəmə hakimiyyətinin vegetativ vəziyyətinin inkaredilməz simptomudur.    

"Əfvetmə haqqında" Əsasnaməyə əsasən, əfvetmə prezidentin müstəsna səlahiyyətinə aiddir. Müstəna, ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən haldır. Başqaları kimi olmayan, başqalarına bənzəməyən, misilsiz, görünməmiş, fövqəladə, özü kimilərdən üstün, qeyri-adi, nadir mənaları da var. 

Müstəsnalıq olan yerdə aydın hüquqi normalar olmur, ya da bu normalar bulanıq olur, ümumən isə bu iki anlayış məzmunca bir-birini inkar edir, antoqonist mahiyyət kəsb edir. 

Müstəsnalıq bir nəfərə bağlı irrasionallığın vacib, vazkeçilməz atributudur.   

Azərbaycanda əfvetmə qanunvericiliyi başdan-ayağa bulanıqdır. Ölkədə hüquqi mexanizmlərin qazanılmış qısırlığı, müstəsnalığın miqyasını əhəmiyyətli şəkildə artırır, böyüdür. Məhz elə bu səbəbdən, müstəsna səlahiyyətli fövqəladə, qeyri-adi ünvana birbaşa müraciət siyasi bərabərliyi illizüyaya, ilğıma çevirir. 

Bərabərlik şərti pozulandasa 1 nömərli müxalifi olduğun şəxslə nəinki öcəşmək, sivil dava istəyi, eləcə də adi yarışmaq hissi belə öləziyir, zəifləyir. Bu mənada əfv ərizəsi yazıb, azadlığa çıxandan sonra prinsipial müxalifətçilik nümunələrinin qəhətliyi, onun fəal həyat tərzindən məhrum etməsi qeyri-adi deyil və tamamilə gözlənilən, anlaşılandır.

İctimai-siyasi fəaliyyətlə məşğul olan, günahsız həbs edilən və sonradan əfv ərizəsi yazmağa məcbur qalıb, azadlığa çıxan şəxslərin situasiyası siyasətlə mənəvi arasında olan mümkün gərginliyin pik nöqtəsi, mürəkkəb razvyazkasıdır. 

Bu son dərəcə gərgin daxili təbəddülatın və tərəddüdün bir tərəfində arzu edilən, şipşirin azadlıq, digər tərəfində isə imtinanın yaratdığı, ən pis günlərdə belə başının altına yumşaq yastıq edə biləcəyin mənəvi rahatlıq hissi dayanır. 

Mənəvi problemə siyasi və hüquqi dəlillərlə cavab vermək, bəraət qazandırmaq nə qədər müşküldüsə, azadlığın vur-tut bir ərizədən və imzadan asılı olduğunu dərk edib, ondan şüurlu imtina eləmək də bir o qədər çətindir. 

Əfv ərizəsi, siyasi mübarizənin sakrallığını zədələyir, onun tarixçəsinə kölgə salır, ictimai əhvalda silinməz məyusluq hissi yaradır.  

Cəmiyyət, əfv yazanın şipşirin azadlıqla, mənəvi imperativlərin yaratdığı qeyri-müəyyən və sonu görünməyən fiziki narahatlıq hissi arasındakı çətin seçimində, özünə güzəştini, ana südü kimi halal haqqına qovuşmaq istəyini qəbul edə, bağışlaya bilmir. 

Təqsirsiz insanın azadlığı üçün ən birinci növbədə onun özünə güzəşti, söykəndiyi dəyərlərə həlledici məqamda etinasız münasibəti və ya onu nəzərə almamaq, "görməmək” qərarı cəmiyyətin əfvindən kənarda qalır. 

Toplumun bu birmənalı davranışı, onun şüuraltı mənəviyə verdiyi üstün əhəmiyyəti, "stavka”nı göstərir. Cəmiyyət, passiv müşahidəçisi olduğu bu dramatik seçimdə qeyri-şüuri mənəvinin tərəfində olduğunu nümayiş etdirir.

Beləcə incə təzad baş verir: Alicənabın, Müstəsnanın əfv etdiyi şəxsi, cəmiyyət əfv edə, bağışlaya bilmir. 

Qanundankənar rejimlərlə mübarizədə ayaqda qalmaq üçün isə onun müstəsna səlahiyyətli şəxsi ilə təkcə bərabərlik hissi, bərabərlik əhvalı yetərli olmur. Mənəvi güc, onun ilham qaynağı olan irili-xırdalı imtinalar, haqlı olaraq fərdi və ictimai davanın sonuncu qalası statusuna iddia edir. 

Təqsirsiz insanın əfv ərizəsi yazması, bir siyasinin "sınma” hadisəsi deyil, azadlığa təbii canaatımla, mənəvi qadağaların irimiqyaslı münaqişəsində, bir sıra hallarda çıxılmazlıqdan doğan, bəzənsə könüllü baş verən fərdi seçimin törətdiyi, didib-parçalayan həzin hekayəsidir...

Əfvin arxetipidir bu... 

Qeyd: Yalçın İmanovun köşələrini ardıcıl olaraq "Arqument.az"da izləməyə davam edin.