Putin Elçibəyə çevrilir
09-06-2023 14:57 / Bu xəbər 1680 dəfə oxundu
Zərdüşt Əlizadə
Hər ikisi gerçək vəziyyəti düzgün qiymətləndirə bilməyib səhv qərarları ilə dövləti dərin böhrana sürükləyib
Rusiya daxilində cərəyan edən hadisəIər mənə AXC hakimiyyətinin süqutu ərəfəsində böhran yaşayan Azərbaycandakı hadisələri, Rusiya Prezidenti Putinin bu hadisələrə münasibəti isə Azərbaycanın eks-prezidenti Elçibəyin münasibətini xatırladır.
Rusiyanın indi qanun və dövlət ilə hesablaşmayan öz meqalotu – İsgəndər Həmidovu var. Onun adı Yevgeniy Priqojindir.
Unutmuşların yadına salıram: bir göz qırpımında qəflətən daxili işlər nazirinə çevrilmiş sabiq Sosialist Əmlakını Dağıdanlara qarşı Mübarizə İdarəsinin mayoru İsgəndər Həmidov dövlətdə heç kimdən icazə istəmədən respublikanın cənub bölgəsində pullu adamları soymaq məqsədilə "Subtropik” əməliyyatı keçirirdi, onun reketinə müqavimət göstərən brakonyer balıqçının evini qumbaraatanla atəşə tutub evdəki dörd adamı məhv edirdi və bu cinayətə görə cəzasız qalırdı, jurnalistləri döyəndən sonra rütbəsi artırılırdı, rayon polis idarəsinin rəisi rayon prokuroruna həmlə gələndə onu mətbuatda igidliyinə görə tərifləyirdi, Azərbaycan Respublikasının muxtar subyekti Naxçıvanın ən ali məqamlı şəxsini "cibinə qoymaq”la hədələyirdi və ölkədə heç kimin ağlına bütün hədləri aşan bu lotunu intizama dəvət etməyin mümkünlüyü və zərurəti gəlmirdi.
İsgəndər Həmidovun süqutu yalnız Türkiyə Prezidenti Turqut Özalla Bakı hava limanında sağollaşma mərasimi zamanı Türkiyə prezidentinin bədən quruluşu barədə dediyi ədəbsiz sözləri Turqut bəyin eşitməsi və təyyarənin pilləkanı önündə prezident Elçibəyə "Mən Türkiyəyə çatana qədər İsgəndər Həmidov nazir vəzifəsində qalsa, mən bundan sonra Azərbaycana gəlməyəcəyəm” deməsindən sonra baş verdi. Elçibəy azğın nazir İsgəndər Həmidovu xalqın tələbi ilə deyil, mərhum Özalın ultimatumu ilə işdən çıxardı. Sonradan İsgəndər Həmidov, istefaya göndərilməsi əhvalatını xam insanlara xalqımızın sevdiyi hind filmlərinin məntiqi ilə "prezidentin beşinci mərtəbədəki kabinetinin pəncərəsinə dırmaşıb Elçibəyə dedim ki, "istefamı qəbul etməsən, özümü aşağı atacağam” kimi gülünc nağılla izah etməyə çalışdı.
Əslində isə İsgəndər Həmidovun hədsiz çılğınlığı Elçibəyə öz hakimiyyətini qorumağa, prezidentin səviyyəsiz və uğursuz siyasətinə etiraz etmək istəyənlərin qətiyyətini qırmağa xidmət etdiyindən çox sərfəli idi.
Yenə unutmuşların yadına salım ki, Azərbaycan Elçibəyin prezidentliyi zamanı dərin iqtisadi tənəzzül dövrünü yaşayırdı, dövlətin idarə sistemi pozulub dərəbəylik həddinə çatmışdı, Azərbaycandan dəfələrlə zəif və kiçik Ermənistan torpaqlarımızı durmadan işğal edirdi, ölkənin dörd böyük və əhəmiyyətli regionu (Qarabağ, Naxçıvan, Gəncə və Lənkəran) itaətdən çıxmışdı. Elçibəy komandasının xarici siyasətinin məntiqi nəticəsi olaraq AXC hakimiyyətinin devrilməsində Rusiya, Türkiyə və İran əlbir olaraq Heydər Əliyevin rəhbərliyə gətirilməsinə işləyirdi, dünya dövlətləri özünü əsassız olaraq "demokrat” adlandıran hökumətə təsadüfi insan yığnağı kimi baxırdı.
Eyni qisməti indi Putin Rusiyası yaşayır. Putinin dövründə sovetdən miras qalmış güclü sənaye və elmi potensial tam tarmar edildi, təhsil və səhiyyə sistemləri uçuruma aşırıldı. Putinin Ukraynaya ağlasığmaz təcavüz qərarından sonra Rusiya böyük zəhmət hesabına əldə etdiyi bütün gəlirli bazarları itirdi, indi arşınmalçı kimi dünyanı dolaşıb neftini, qazını, daş kömürünü, meşəsini, gübrəsini, taxılını yarıqiymətə satmağa çalışır.
Belə şəraitdə Yevgeniy Priqojinin Rusiya dövlət pilləkanında ən yüksək məqam sahiblərini təhqir etməsi, hədələməsi, daima KİV-in diqqət mərkəzində durması prezident Putinə əl verir. Bu əcaib davranış xam əhalinin diqqətini əsas mətləblərdən yayındırmağa imkan yaradır, dövlət siyasətinin uğursuzluğuna qarşı etiraz etmək istəyən insanları fikirlərindən daşınmağa təhrik edir.
Putinlə Elçibəy arasında güclü tipoloji oxşarlıq var. Hər ikisinə tutduqları məqam göydən zənbillə düşüb, daha dəqiq desək, KQB tədbiri sayəsində nəsib olub. Hər ikisi fürsətdən istifadə sahəsində müstəsna bacarıq nümayiş etdirib. Hər ikisi rəhbərlik etdikləri dövlətin tənəzzülünün qarşısını nəinki almayıb, əksinə, bu tənəzzülü sürətləndirib. Hər ikisi gerçək vəziyyəti düzgün qiymətləndirə bilməyib səhv qərarları ilə dövləti dərin böhrana sürükləyib.
Hər ikisi bu böhrandan çıxış yolunu tapa bilməyib, gözləmə mövqeyinə üstünlük verib. Elçibəy heç bir qətiyyətli və təsirli qərar qəbul etməyib, son anda məsuliyyəti Heydər Əliyevin üzərinə ataraq kəndinə qaçıb.
Putinin qaçışı və ya gedişi isə hələ qarşıdadır, lakin şübhəsiz ki, bu hadisə də çox biabırçı tərzdə baş verəcək. Belə gümanlar səsləndirilir ki, növbəti rus hakimiyyəti, bir çox alimin öncəgörməsinə uyğun olaraq, Şimali Koreyanın siyasi quruluşuna çox bənzəyəcək.
Deməli, Azərbaycanın bəxtəvər günləri hələ irəlidədir.
Yazı Meydan TV-dən götürülüb.