7 şüşə və ya 7 yerə parçalanmış Vətən torpağı

7 şüşə və ya 7 yerə parçalanmış Vətən torpağı

02-08-2019 21:54 / Bu xəbər 1140 dəfə oxundu

Gülyaz ƏLİYEVA

İbtidai sinifdə oxuyurdum. Böyük tənəffüslərdə və ya fiziki tərbiyə dərslərində müxtəlif oyunlar oynayırdıq. "Əl səndə”, "Yoldaş, səni kim apardı”, "Gözü bağlıca”, "Bənövşə” və "7 şüşə”. "7 şüşə” oyununu çox sevirdim və çox vaxt onu oynayırdıq. 

Oyunun qaydası belədir: 2 komanda olur. Biri üst-üstə yığılmış 7 şüşəni topla dağıdır, komandanın hansı 7 şüşəni toplayıb bir yerə yığarsa, qalib olur. Digər komandanın üzvləri şüşələri toplamağa qoymur, toplayanları vurur və hamını vurub qurtardıqda və ya şüşələr toplanmadıqda komanda məğlub olur… Biz komanda seçərkən, adətən, öz komandamıza yaxşı oxuyan, imkanlı, varlı uşaqları toplayırdıq. Bir az da eqoist idik. Yerdə qalan komandanın üzvləri, adətən, kasıb balaları olurdu…

Zəif, evdən çölə çıxmamış uşaq idim, çox vaxt şüşələri toplamaq istərkən və həm də canımı güdmədiyimdən çox vaxt elə 1-ci mən vurulurdum və kənarda oturub oyunun gedişini müşahidə edirdim. O vaxt gəldiyim qənaəti irəlidə sizə deyəcəm. Bizim "Varlılar və yaxşı oxuyanlar "komandası həmişə uduzur, "Kasıblar” komandası isə (onların arasında yaxşı oxuyanlar da, zəif oxuyanlar da vardı) qalib gəlirdi. Bəs bunun sirri nədə idi? Bu, məni çox maraqlandırır və təsir edirdi. Yaxşı oxuyan və əlaçı uşaqların oyunda kasıb, hətta zəif oxuyan uşaqlara məğlub olmağını heç cür qəbul edə bilmirdim. Ağıllı uşaq olmuşam. Oyunu izləyərkən müşahidələrimdən nəticələr çıxarırdım. Diqqət verirdim ki, bizim komandanın üzvləri şüşəni toplamaq istərkən əlində top olan uşağı uzaqdan da olsa, görəndə tez şüşəni atır, vurulmasın deyə kənarlaşırdı. Hamı ora-bura qaçır, yalnız öz canını güdür, vurulmamağa çalışır, şüşə qırıqlarını bir yerə toplamağa o qədər də əhəmiyyət vermirdi. Düzdü, canımız sağ qalır, amma şüşəni bir yerə toplaya bilmir, hərə bir kənarda vurulur, nəticədə məğlub olurduq.

"Kaslblar” komandasının üzvləri fiziki cəhətdən möhkəm, bərkə-boşa düşmüş, diribala uşaqlar idilər və ən əsası canlarını güdmürdülər. Bir məqsədləri vardı: şüşələri toplamaq! Onlar mümkün qədər tez, vurulana qədər şüşələri üst-üstə yığırdılar. "Sağ qalmaqları” üçün çalışmırdılar. Bir amalları vardı: mümkün qədər çox şüşəni üst-üstə qoymaq – bu , vurulmaları bahasına olsa belə, – 2-sini biri, 3-nü biri bir-bir üst -üstə yığırdı, top lap yaxına gələnə qədər qaçmır, şüşələri toplayır, sonra vurulurdu. Elə vurularkən də bir şüşəni o birilərinin üstünə qoymuş olurdular. Hamısı ümumi məqsədə xidmət edirdi və beləliklə, vurulub bir-bir sıradan çıxsalar da, sonda qalib gəlirdilər, fədakarlıq göstərirdilər. Əsas məqsəd özlərinin oyunda qalıb-qalmaması yox, komandanın qalibiyyəti idi onlarçün. Bunu mən 2-ci sinifdə oxuyarkən gördüm, müşahidə etdim və bu nəticəyə gəldim ki, fədakarlıq olmayan yerdə, ümumin deyil, yalnız öz mənafeyinin gözlənildiyi yerdə qələbə olmazmış!..

İnstitutu bitirən ili mənə təyinatla getdiyim məktəbdə 11, 10 və 7-ci sinifləri vermişdilər. Cəbhəyanı zonada yerləşən kənd məktəbi idi. 11-ci sinifdə 36 şağird var idi: 8 qız, 28 oğlan. İstər oğlanlar, istərsə də qızlar indiki uşaqlar kimi əzmə-büzmə və cılız deyildilər. Mən onların yanında 7-ci sinif şağirdinə oxşayırdım. (Amma çox hörmət edirdilər və mən də balaca görünməyimə baxmayaraq, ciddiliyim və yaxşı dərs keçməyimlə onların hörmətini qazanmışdım, tez -tez arxamca danışılan xoş sözləri eşidirdim…).

11-cilərə tez -tez vətənpərvərlik mövzusunda inşa yazdırıdım. Şagirdlərin əksəriyyəti inşanı yaxşı yazmır, yaxşı qiymət almırdı. 4-5 oğlan var idi ki, vətənpərvərlik mövzusunda çox gözəl cümlələr qurur, fikir mübadiləsi edir, əla ümumiləşmə aparır və yazırdılar. İnşaları "5”-ə layiq olurdu… Bir müddət keçdi. Həmin uşaqlar əsgərlik vaxtı çatdı. Gözəl inşa yazan, yaxşı oxuyan, varlı balaları olan uşaqların çoxu əsgərlikdən müxtəlif bəhanələrlə yayındı. 

Vətənpərvərlik haqqında gözəl cümlələr qura bilməyən, inşa yazıdan "5” ala bilməyən uşaqlarınsa heç biri əsgərlikdən yayınmamış, əksəriyyəti könüllü olaraq kəndlərinin qorunmasında döyüşlərdə iştirak etmiş, ad çıxarmışdılar. Onlardan biri haqqında o vaxt döyüşlərdə iştirak edən bibimoğlu mənə danışdı. Onun çox igid və qorxmaz olduğunu söylədi. Bibim oğlu Etibar ermənilərə qan udduran bu gənc əsgərlə maraqlanarkən onun mənim keçmiş şagirdim olduğunu öyrənib. Bu əsgər 1993-cü ilə Yeddixırman yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Onu da qeyd etdi ki, həmin əsgər Etibarın mənim – müəlliməsinin bibisi oğlu olduğunu eşidəndə çox sevinib. Məktəb həyatından, o vaxt mənimlə gedən dialoqdan bibim oğluna söz açıb, onu danladığımı, vətənpərvərlik mövzusunda inşa yaza bilməməməsinə səbəb kimi vətəni sevməməsini vurğuladığımı qeyd edibmiş… O söhbət mənim də yadıma düşdü.

Aramızda şagirdlə gedən dialoqda başqalarını ona misal çəkmiş, demişdim ki, vətənpərvər şagird vətən haqqında gözəl inşa yazmaq qabliýətinə malik olmlalıdır (əlbəttə, təcrübəsiz idim – işdə də, həyatda da). Bibim oğlu isə onun vətəni necə sevməsindən, onun hər daşı və hər qarışı uğrunda can qoymasından, qəhrəmanlıqla vuruşmağından, əzmindən, şücaətindən ağızdolusu, fərəhlə danışırdı. Ona qulaq asdıqca anladım ki, vətənpərvər olmaq üçün bəlağətli nitq söyləmək, gözəl inşa yazılar yazmaq əsas deyilmiş. Vətəni səssiz-səmirsiz, cani-dildən sevmək, onun yolunda qəhrəmanlıq göstərmək, mərd olmaq gərəkmiş. Bunları düşündükcə nədənsə, uşaqkən oynadığım "7 şüşə” oyunu və "Kasıblar” komandası yadıma düşdü. 

Kasıb balaları parçalanmış vətən torpağın bir yerə yığmaq üçün canlarını güdmür, vurulur, ölür – amma şərəflə torpağı bir yerə yığarkən, daha qaçarkən, orda -burda gizlənərkən deyil, qəhrəmanlıqla… 7 şüşə kimi 7 yerə parçalanmış vətən torpağının parçalarını üst -üstə qoyarkən… Həyat da bir oyunmuş… Kənarda dayanıb yenə müşahidə edirəm, səhvlərimizin harada olmasını anlamağa çalışıram! Çox ağrıdıcıdır – vurulub kənara çıxarılanlar müşahidə nəticəsində səhvləri daha yaxşı görüb, anlasalar da, müdaxilə edə bilmirlər! Çünki oyunda da, həyatda da insana özünü göstərmək üçün yalnız və yalnız bir dəfə şans verilir!!! Kaş bu bir dəfədən doğru-düzgün istifadə edə biləydik!

P.S. Sonralar bibimoğlu Etibar Yusif oğlu Məhərrəmov Yeddixırman uğrunda gedən döyüşlərdə muzdlu snayperçi tərəfindən alnından vurularaq şəhid oldu! Və mən o şagirdimin də taleyindən xəbərsiz qaldım…

Mənbə: ilkxeber.org