ABŞ rəsmisi Azərbaycana gəlir
27-06-2018 19:08 / Bu xəbər 1645 dəfə oxundu
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels bu gün, iyunun 27-də Azərbaycana gələcək.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, Alis Uelsin səfər iyunun 29-na kimi davam edəcək.
O, iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun (BTQ) toplantısında iştirak etməlidir.
A.Uels eyni zamanda Azərbaycan rəsmiləri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşməlidir.
İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.
Bakı toplantısında Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək.
Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da gözlənilir.
Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib.
Azərbaycan daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.
Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsindən ötrü müzakirələrin aparılmasına xidmət edən platformadır.












