Agentlik rəhbəri Zaqulba çimərliyinin zəbt edilməsi ilə bağlı İlham Əliyevə yazdı

Agentlik rəhbəri Zaqulba çimərliyinin zəbt edilməsi ilə bağlı İlham Əliyevə yazdı

20-06-2023 13:21 / Bu xəbər 1257 dəfə oxundu

"Turan" İA-nın direktoru Mehman Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. 

O, Bakıda çimərliklərin zəbt edilməsindən şikayətçidir. 

Mehmab Əliyev Zaqulba və digər ictimai çimərliklərdə vətəndaşların dənizə maneəsiz çıxışının operativ şəkildə təmin edilməsini xahiş edir:

"Hörmətli cənab Prezident, icra hakimiyyətinin hərəkətsizliyi fonunda Zaqulba çimərliyinin ələ keçirilməsi istiqamətində son hadisə məni Sizə Torpaq Məcəlləsinin və digər qanunvericilik aktlarının, vətəndaşların dənizə qeyri-məhdud çıxış hüququnun pozulması faktlarını aradan qaldırmaq çağırışı ilə müraciət etməyə vadar edib. Çimərlik ərazisinin ələ keçirilməsi və çəpərlənməsi nəticəsində yerli sakinlər və Bakının və ölkənin digər regionlarının sakinləri və xarici qonaqlar da daxil olmaqla, on minlərlə insan dənizə çıxışdan məhrum olur".

"Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Xəzərin sahil zonasından istifadə sahəsində dövlət siyasətini tənzimləyən xüsusi bir mexanizm olmaması bu zonanın həm fiziki, həm də hüquqi şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilməsi faktları ilə səciyyələnən genişmiqyaslı qanun pozuntularına gətirib çıxarıb. Qanunun pozulması, ona riayət olunmaması qanunvericilik bazasının mövcudluğunun dövlət tərəfindən müəyyən edilmiş sahilyanı zonalardan istifadə qaydalarına zəmanət vermir", - deyə Əliyev qeyd edib. 

O düşünür ki, bunun üçün təcrübədə qanunun müddəalarının tətbiqini və sahil zonasında hərəkəti tənzimləyən mərkəzi orqan yaradılmalıdır:

"Sovet dövründə paytaxtın icra komitəsi yanında Çimərliklər İdarəsi bu vəzifəni yerinə yetirən orqan idi. Bu gün məsələ daha da genişdir və təkcə çimərliklərlə məhdudlaşmır. Buna görə sahil məsələləri sahəsində siyasəti müəyyən edən dövlət qurumunun və onun tərkib hissəsi olaraq Çimərliklər İdarəsinin yaradılması məqsədəuyğundur. Sovet dövründə özəl çimərliklər yox idi". 

"Dövlət qurumlarına, ümumittifaq əhəmiyyətli istirahət mərkəzlərinə məxsus olan xüsusi rejimli çimərliklər istisna olmaqla, hamısı ictimai çimərliklər idi. Amma xüsusi rejimli çimərliklər sahil zonasının cüzi hissəsini əhatə edirdi.

Bu gün çimərlikləri aşağıdakı növlərə bölmək olar:

- Ümumi istifadədə olan çimərliklər, 
- Özəl çimərliklər,
- İdarələrə məxsus çimərliklər.

Lakin statusundan asılı olmayaraq, çimərliklərin fəaliyyətinin tənzimlənməsi siyasətini müəyyən edən vahid dövlət aktı (qanun, məcəllə, qaydalar) hazırlamaq məqsədəuyğun olardı. Bu zaman strategiya vətəndaşların çimərliklərə maksimum çıxışının təmin edilməsi məqsədinə xidmət etməlidir", - agentlik rəhbəri vurğulayır. 

BƏliyev deyir ki, biz ayrı-ayrı vətəndaş təşəbbüslərinin sahil zonasından istifadə sahəsində qanunvericiliyin pozulmasına qarşı müqavimət göstərmək cəhdlərinin şahidi oluruq, lakin dövlətin xüsusi məqsədyönlü siyasəti olmadan problemi həll etmək qeyri-mümkündür:  

"Bununla əlaqədar olaraq Sizdən Xəzərin və digər su hövzələrinin sahil zonasında həyat və fəaliyyətin tənzimləyicisi haqqında təklifimin nəzərdən keçirilməsi, habelə Zaqulba çimərliyində və digər ictimai çimərliklərdə vətəndaşların dənizə maneəsiz çıxışının operativ şəkildə təmin edilməsi haqqında tapşırıq verməyinizi xahiş edirəm".

Məktub 13 iyun 2023-cü ildə AR Prezident Administrasiyasına təqdim edilib.