Elmar Hüseynovun oğlu 17 il sonra Bakıya gəldi, atasını ziyarət etdi

Elmar Hüseynovun oğlu 17 il sonra Bakıya gəldi, atasını ziyarət etdi

09-08-2023 14:38 / Bu xəbər 611 dəfə oxundu

Həyat yoldaşı Ruşaniyə Hüseynova Bakı üçün darıxdığını yazıb

Mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova və oğlu Aslan Hüseynov Azərbaycana gəlib.

Onlar Elmar Hüseynov məzarını ziyarət ediblər.

Bu barədə Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova "Facebook” səhifəsində paylaşım edib.

"Salam Bakı! 17 ildən sonra gəldim! Sənin üçün necə darıxmışam və bütün bu müddət ərzində, 17 il ərzində necə darıxmışam Oh, Bakı! Demək olar ki, şəhəri tanımırdım, Bakı başqalaşdı və eyni zamanda əziz və sevimli olaraq qaldı”, – deyə Ruşaniyyə Hüseynova yazıb.

O, oğlu Aslan Hüseynovun da Bakıya gəldiyini qeyd edib: "17 il sonra oğlumuz Aslan tarixi vətəninə gəldi və onun duyğularını, təəssüratlarını sizinlə bölüşmək istərdim: İlk dəfə Bakıya uzun illər sonra gəldim və məni emosiyalar bürüdü. İlk dəfə qohumlarımla görüşdüm, Vətənimi, şəhərimi gördüm. Atam Elmarın məzarını ziyarət etdim. Çox kədərli bir an idi, çox, çox təəssüratlarım oldu. Bilirəm ki, Elmar öz şəhərini çox sevirdi. Mən də Elmar kimi Bakı şəhərinə aşiq oldum. Bakını Avropanın digər şəhərlərindən daha çox bəyəndim, ona görə ki, ən gözəli deyil, ən əzizi”.

R.Hüseynova səfərin Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə gerçəkləşdiyini yazıb.

"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında qətlə yetirilib.

Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist yaşadığı binanın blokunda öldürülüb.

Beynəlxalq insan hüquqları və yerli hüquq müdafiə təşkilatları, siyasilər, media təmsilçiləri Elmar Hüseynovun tənqidi yazılarına görə öldürüldüyünü, məsuliyyətin də Azərbaycan hakimiyyətinin üzərinə düşdüyünü deyirlər.

18 ildən çox keçsə də, hələ də Elmar Hüseynovun qətlini sifariş verənlər və həyata keçirənlər həbs olunmayıb.

Elmar Hüseynovun ölümündən sonra həyat yoldaşı Ruşaniyyə Hüseynova və oğlu Aslan 2006-cı ilin sonlarında Norveçdən siyasi sığınacaq alıblar.