Nəcməddin Sadıqovun yaxın adamı azadlığa buraxıldı

Nəcməddin Sadıqovun yaxın adamı azadlığa buraxıldı

04-07-2023 14:06 / Bu xəbər 828 dəfə oxundu

Hakim Zahid Niftəliyevlə bağlı ittihama xitam verib, onu cərimələyib

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti Zahid Niftəliyev azadlığa buraxılıb.

Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev belə nəticəyə gəlib ki, ona qarşı irəli sürülmüş rüşvət ittihamı əsassızdır. 

Hakim Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ona verilmiş ittihama xitam verib. 

Hakim hesab edib ki, onun əməlində rüşvət verməyə təhrik cinayətinin tərkibi var. Ona görə də Zahid Niftəliyevə Cinayət Məcəlləsinin 32.312.1 (rüşvət verməyə təhrik) maddəsilə 10 min manat cərimə cəzası kəsilib.

İyulun 4-də Tərtər Hərbi Məhkəməsində Zahid Niftəliyevlə yanaşı, onunla birlikdə mühakimə olunan N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevə də hökm oxunub. Onun haqqında bəraət hökmü çıxarılıb.

Bu şəxslərin işi üzrə məhkəmə prosesində müdafiə naziri Zakir Həsənovun çağırılıb dindirilməsi məsələsi qaldırılmışdı. Lakin vəsatət təmin olunmamışdı.

Müdafiə Nazirliyi sistemində "Şlyapa Zahid” ləqəbilə tanınan Zahid Niftəliyev Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun yaxın adamlarından sayılırdı.
Ona rüşvət müqabilində hansısa işlərin görülməsi (müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s.) haqda ittihamlar verilib.


Zahid Niftəliyev.
Foto: Trend

Həmçinin Zahid Niftəliyev 2018-ci ildə Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində hərbi qulluqçuları fəhlə kimi işlətməkdə ittiham olunurdu.

Zərərçəkmiş qismində tanınan bu şəxslər məhkəmədə Zahid Niftəliyevdən şikayətçi olmadıqlarını bildiriblər. Onlar deyiblər ki, Qəbələyə göndərilib, orada işləyərkən heç o evin kimə məxsus olduğunu bilmirdilər.

Zahid Niftəliyev 2022-ci il mayın 27-də həbs olunanda onun bir müddətdir dələduzluq ittihamıyla axtarışa verildiyi bildirilirdi. Həmin vaxt hüquq-mühafizə orqanları da bu məlumatı təsdiqləmiş, Meydan TV-yə bildirilmişdi ki, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Sonradan məlum oldu ki, istintaqın gedişində ittiham dəyişib. Yəni dələduzluq ittihamı rüşvətə tövsif olunub.

Zahid Niftəliyevin Nəcməddin Sadıqovun yaxın adamı olması cinayət işinin materiallarında da əksini tapıb.

İttihama əsasən, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək, müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb. Bu işləri N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevin vasitəsilə həyata keçirib.

1987-ci il təvəllüdlü keçmiş gizir istintaq və məhkəmə dövründə də həbsdə olmayıb, onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. 

O, 2019-cu ildə də dələduzluq və rüşvət verməyə təhrik ittihamıyla məhkum edilib. O zaman ona cərimə cəzası kəsilib.

Zahid Niftəliyev ittihamlara münasibət bildirərkən özünü təqsirli bilməyib, ittihamda göstərilənlərin həqiqətə uyğun olmadığını söyləyib.

Cinayət işində Zahid Niftəliyevin "Nəcməddin Sadıqovun adamı” olması haqda da müxtəlif ifadələr var. Hətta iddia olunur ki, Nəcməddin Sadıqov özü onu tapşırmış, "onun sözü mənim sözümdür” demişdi. Bu səbəbdən Zahid Nurəliyevə xüsusi münasibət vardı.

67 yaşlı Nəcməddin Sadıqov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Baş Qərargah rəisi vəzifəsində çalışıb.(Meydan TV)