Gədəbəydə etiraz edən sakinlərə divan tutulub
20-06-2023 23:04 / Bu xəbər 1130 dəfə oxundu
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin bəzi sakinləri etiraz aksiyası keçirib.
Yerli sakinlərin dediyinə görə, onlar ərazidəki qızıl mədəninin fəaliyyəti nəticəsində su hövzəsinin yaranması ilə bağlı etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, su hövzəsində zəhərli maddələr toplanır.
Onlar əlavə ediblər ki, artıq ərazidə ikinci belə su hövzəsi yaradılır.
Sakinlər bildiriblər ki, polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb.
Bəzi sakinlərin xəsarət aldığı, saxlandığı deyilir.
DİN-dən deyilənlər…
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan”a bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
"Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulayıblar.
Amma nazirlikdən xəsarət alan və saxlananların olması ilə bağlı deyilənlərə, hələ ki, münasibət bildirilməyib.
Məsələyə, hələlik, başqa aidiyyatı və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
DİN yoxlama apardığını deyir
Noyabrın 20-də Gədəbəy rayonun Söyüdlü kəndində aksiya ilə bağlı sosial şəbəkələrdə bir çox videolar da yayılıb.
Həmin videoların birində sakitcə hərəkət edən yaşlı bir xanımın üzünə polis əməkdaşının arxadan qaz sıxdığı görünür.
"Turan” Agentliyinin xəbərinə görə, videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, onların bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub: "Həmin fakt üzrə xidməti yoxlama aparılır”.
"Daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib”
DİN-in mətbuat xidmətindən habelə iddia edilib ki, süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar əraziyə toplaşıblar: "Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar”.