Gədəbəydə aksiyanın ikinci günü: sakinlər etiraz edir

Gədəbəydə aksiyanın ikinci günü: sakinlər etiraz edir

21-06-2023 15:02 / Bu xəbər 954 dəfə oxundu

Söyüdlü sakinləri zəhərli tullantıların sağlamlığa, əkin sahələrinə ziyan vurduğunu deyirlər

İyunun 21-də Gədəbəydə etiraz aksiyasının ikinci günü davam edib.

Söyüdlü kəndinin sakinləri evlərinin yaxınlığında qızıl mədənləri üçün salınacaq süni gölə etiraz ediblər.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlığına zərər vurur.

Əllərində "Təbii sular zəhərlənir”, "Kür çayı zəhərlənir”, "50 yaşında insanlar ağciyər xəstəliyindən qırılır” yazılmış plakatlar tutan insanların etirazlarına iyunun 20-dəki aksiyada həbs edilən gənclərin azalığı ilə bağlı çağırış da əlavə edilib.

Sakinlər 6-7 nəfər kənd sakininin həbs edildiyini, yaxınlarının onlarla görüşünə imkan verilmədiyini bildirirlər.

"Mən oğlumun yanına getmişdim. Hamısına 20 sutka həbs veriblər. Onlar nə edib ki? Haqqını tələb ediblər, buna görə cəzalandırılar insan? Heç məni yanına da buraxmadılar, apardığım yeməkləri də ona çatdırmadılar. Yazıqlar dünəndən ac-susuz həbsxanada yatırlar”, – etirazçılardan bir nəfər bildirib.

Kənd sakinləri iyunun 20-də polislə qarşıdurmadan da danışıblar.

Onlara xəsarət yetirildiyini, döyüldüklərini və onlara qarşı gözyaşardıcı qazdan istifadə edildiyini bildiriblər.

"Bizi yerdə sürüdülər. Bunu edənlər elə bil azərbaycanlılar deyildi. Bizim uşaqlarımız xəstə doğulur, yaxud gənc yaşda ağciyər xəstəliyindən əziyyət çəkir. Bu, ciddi problemdir və biz buna etiraz edirik. Bunun üçün adamı yerdə sürüyər, döyərlər? Çoxumuz xəstə, yaşlı insanlarıq. Dünənki hadisədən sonra gecəni yata bilməmişik. Haqqımızı tələb edirik, bizə kömək edin, amandır. Burada bizim vəziyyətimiz çox pisdir”, – başqa bir etirazçının sözləridir.

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.

Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır. Etiraza səbəb olan süni göl kənddə yaradılan ikinci su hövzəsidir.

İyunun 20-də baş tutan aksiyada polis insanlara xəsarət yetirib, insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Günün sonunda 5 nəfərin həbs edildiyi açıqlanıb.

Bu gün isə sakinlər həbs edilən kənd sakinlərinin 7 nəfərə yaxın olduğunu bildiriblər.

Yerli sakinlər deyiblər ki, həmin beş nəfər 20 sutka müddətinə inzibati qaydada həbs olunub.

Sakinlər həm həbs edilənlərin buraxılmasını, həm də su hövzəsinin tikilməsinə etiraz edirlər.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə polisin yerli sakinlərə şiddət göstərməsi ilə bağlı yayılan görüntülərdən sonra açıqlama verib.

Həmin videoların birində onsuz da geri dönən kənd sakininin gözünə polis gözyaşardıcı qaz sıxır.

Digər bir görüntüdə isə polis başqa bir qadına qarşı güc tətbiq edir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, video araşdırılır, bunun üçün nazirliyin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam edilib:

"Həmin fakt üzrə xidməti yoxlama aparılır”.

DİN

DİN mətbuat xidmətinin məlumatına görə, süni gölün tikintisinə müdaxilə edən şəxslərə dəfələrlə xəbərdarlıq olunmasına, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar əraziyə toplaşıblar: "Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar”.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. 

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.