Söyüdlü kəndində həbslər dayanıb, lakin kəndə polis nəzarəti davam edir

Söyüdlü kəndində həbslər dayanıb, lakin kəndə polis nəzarəti davam edir

03-07-2023 14:07 / Bu xəbər 739 dəfə oxundu

Gədəbəy rayonunun Söyüdlü kəndinin ətraf yollarında polis postları qalmaqdadır. 

Hökumət komissiyası isə monitorinqləri davam etdirir. 

"Polislər yalnız kənd sakinlərini kəndə buraxır. Sənədlrərimiz yoxlandıqdan sonra kəndə daxil ola bilirik", - deyə adının çəkilməsini istəməyən kənd sakini "Turan"a bildirib.

Onun sözlərinə görə, kəndin içində polis yoxdur və son günlər yeni həbslər olmayıb.

"Əvvəlki günlərdə həbs edilən on nəfərdən isə heç kim hələ azadlığa buraxılmayıb", - deyə o qeyd edib.

Sakinin sözlərinə görə, qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə ətrafında işlər dayandırılmayıb: "Oradakı texnikalar əvvəlki kimi işlərini davam etdirir".

Hökumət komissiyasına gəlincə, komissiya üzvləri hər gün kəndə gəlib müəyyən işlər gördükdən sonra günün sonunda gedirlər.

"Komissiya üzvləri bizim etirazımızı dərindən araşdırmaq üçün gölün sahilində çadır qurub bir neçə həftə orada qalmalıdırlar. Bunu isə etmirlər", - deyə sakin qeyd edib.

Öz növbəsində, polis orqanlarından Söyüdlü kəndi ətrafındakı durumla bağlı hələ məlumat almaq mümkün olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hökumət komissiyası bayram günləri də daxil olmaqa, Söyüdlü kəndində işlərini davam etdirib.

"Mütəxəssislər hazırda da kənd ərazisində monitorinqləri davam etdirir. Torpaqdan, sudan, havadan analizlər aparılması üçün nümunələr götürülür", - deyə mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. 

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. 

Bu zaman əraziyə polis qüvvələri yeridilib. 

İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. 

Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl vatsap şəbəkəsində sakinlərin qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. 

Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.