Ailəsi həbsdə olan hüquq müdafiəçisilə görüşə bilmir

Ailəsi həbsdə olan hüquq müdafiəçisilə görüşə bilmir

04-01-2024 01:21 / Bu xəbər 720 dəfə oxundu

İlhamiz Quliyev 1 aya yaxındır ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır

Ötən il dekabrın 7-də həbs olunan ictimai fəal İlhamiz Quliyevin ailə üzvləri dəfələrlə təcridxanaya onunla görüşməyə getsələr də, ailəyə görüş verilmir. 

Bu barədə ictimai fəal Aygül Cəfərova özünün "Facebook” hesabında yazıb.

O, bildirib ki, ümumiyyətlə həbs ediləndən sonra İlhamiz Quliyevlə görüşmək mümkün olmayıb:

"Şərləyib içəri atmaqları bəs deyil, üstəlik incidirlər də. Yaşlı və hər görüş üçün Ağdamdan Bakıya gələn anasını 2 dəfə təcridxanadan geri qaytarıblar. Əvvəl deyiblər get, müstəntiqdən sənəd gətir, sonra müstəntiq özü çağırıb, ancaq yerində olmayıb və s.

İlhamizin cibinə maddə qoyan polis zabiti Nicat Abdullayev, İlhamizin müsahibəsində bəhs etdiyi əməlləri edənlər cani deyillər, amma bu haqda danışan İlhamiz o qədər təhlükəli adamdır ki, anasıyla belə görüşə bilməz, ona qadağandır”, – deyə Cəfərova bildirib.

İlhamiz Quliyev 6 dekabr 2023-cü ildə saxlanılıb. Yasamal Rayon Polis İdarəsindən iddia edilib ki, Quliyevin üzərində 5,92 qram narkotik aşkar edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 7-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 4 aylıq həbs olunub.

İlhamiz Quliyev ittihamları rədd edir və həbsini "Abzas Media”ya verdiyi müsahibə ilə əlaqələndirir. 

O, "Abzas Media”ya siyasi fəalları təqib etmək üçün polisin "sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb. 

Materialda Quliyevin görüntüləri və səsi təqdim edilməyib. Müsahibədən bir müddət sonra o, inzibati qaydada 30 gün müddətinə həbs edilmişdi.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da Quliyevə qarşı ittihamları əsassız hesab edib, onun azad edilməsinə çağırırlar.