Media ekspertləri Ələsgər Məmmədli ilə bağlı Vilayət Eyvazova müraciət etdilər

Media ekspertləri Ələsgər Məmmədli ilə bağlı Vilayət Eyvazova müraciət etdilər

12-03-2024 17:08 / Bu xəbər 720 dəfə oxundu

"Həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün üzərimizə zəruri öhdəliklər də götürməyə hazırıq"

Azərbaycanın bir qrup jurnalisti və media eksperti daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək "Toplum TV işi” üzrə istintaq çərçivəsində həbs edilmiş Ələsgər Məmmədlinin azad edilməsini xahiş edib.

Müraciətdə media eksperti, "Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədlinin səhhətində ciddi problemlərin olduğu önə çəkilib:(https://turan.az/az/siyaset/bir-qrup-media-numayendesi-daxili-isler-nazirini-elesger-memmedlini-zamine-buraxmaga-cagirib)

"Biz dövlət orqanlarının kiminsə fəaliyyəti ilə əlaqədar yaranmış şübhələri araşdırmaq səlahiyyətinə müdaxilə etmirik. Narahatlığımıza əsas səbəb bir neçə gün əvvəl xəstəxanada müayinə zamanı Ələsgər Məmmədlinin daxili orqanlarında şişlərin aşkar edilməsidir. Həkimlər onların bədxassəli olduğunu bildirirlər, həmkarımızın təcili olaraq keyfiyyətli müayinə və intensiv müalicəyə ehtiyacı var”.

"Cənab nazir, xahiş edirik, Ələsgər Məmmədli ilə bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsi barədə müraciətimizi nəzərə alasınız. Böyük ehtimalla, indi onun həyatı bu imkandan asılıdır. Həmkarımızın həmin imkandan istifadə edə bilməsi, onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün biz üzərimizə zəruri öhdəliklər də götürməyə hazırıq”, - müraciətdə deyilir.

Müraciəti "Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin və "Ayna-Zerkalo” onlayn nəşrinin rəhbəri Elçin Şıxlı və "Turan” Agentliyinin direktoru Mehman Əliyev imzalayıblar.

"Toplum TV” ilə bağlı nə baş verib?

Martın 6-da polis "Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

III Respublika Platformasının ofisindən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

III Respublika Platformasının spikeri Akif Qurbanova, "Toplum TV"-nin əməkdaşları – Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan "Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Toplum TV işi” ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.

Hüquqşünas, "Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb.

III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.

Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Axtarış zamanı III Respublika Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul "tapılıb”.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia”, "Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.

ABŞ Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyi, eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlıqlarını ifadə ediblər.