Müsavat AKM-nin üzvü Mehdi Xəlilbəyli Bakıda saxlanılıb
17-05-2024 17:27 / Bu xəbər 930 dəfə oxundu
Onun 2003-cü il hadisələrinə görə ittiham olunduğu deyilir
Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin üzvü, 2003-cü ildən mühacir həyatı yaşayan Mehdi Xəlilbəylinin Bakıda saxlanıldığı bildirilir.
Onun aprelin əvvəlində Azərbaycana gəldiyi və hava limanında polis tərəfindən saxlanılaraq Baş Prokurorluğa təhvil verildiyi qeyd olunur.
Meydan TV-yə danışan yaxınlarının sözlərinə görə, 2 aya yaxındır ki, saxlanılan Mehdi Xəlilbəyli 2003-cü ilin oktyabr hadisələrində ittiham olunur: "Həmin vaxt o Lider TV-nin əməkdaşı Sahil Kərimlini döydüyünə görə haqqında axtarış elan edilib. Mehdi Xəlilbəyliyə kütləvi iğtişaşların təşkili, xuliqanlıq, polisə müqavimət maddələri ilə cinayət işi açılmışdı".
Bildirilir ki, Mehdi Xəlilbəyli barədə ilkin istintaq üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib: "Amma istintaq yekunlaşmadığına görə yaxın vaxtlarda həbs müddəti uzadılacaq”.
2003-cü il Prezident seçkisindən sonra Müsavat Partiyası başda olmaqla "Bizim Azərbaycan” blokunun əksər üzvləri həbs olunmuşdu.
Onların bir qismi əfvlə azadlığa çıxdı, digərləri haqda isə amnistiya tətbiq olunaraq barələrində açılan cinayət işinə xitam verildi.
Məsələn, azadlığa çıxanlardan Pənah Hüseyn, İqbal Ağazadə Milli Məclisə mandat da aldılar.
Meydan TV Mehdi Xəlilbəylinin saxlanılması ilə bağlı DİN və Baş Prokurorluğa sorğu ünvanlayıb.
Hər iki qurumdan bildirilib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Meydan TV-nin əldə etdiyi məlumata görə isə Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə – 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.