Alğı-satqı, yoxsa alqı-satqı?

Alğı-satqı, yoxsa alqı-satqı?

06-09-2016 14:48 / Bu xəbər 8501 dəfə oxundu

Şəmşad Ağa 

Gənc jurnalistlərdən birinin - Türkan Bəşirin yazısını redaktə edərkən "alğı-satqı" sözünü "alqı-satqı" kimi korrektə etdim. O, bu sözün orfoqrafiya lüğətində  "alğı-satqı" kimi yazıldığını əsas gətirdi. 

Doğrudan da, sovet dövründəki "Orfoqrafiya lüğət"lərindən 2013-cü ilə qədər olan bütün nəşrlərdə bu sözün "alğı-satqı" kimi yazıldığı diqqət çəkir. Yalnız son nəşrdə "alqı-satqı" yazılıb.

Yeni orfoqrafik qaydalarla bağlı "Hədəf” kurslarının təhsil-tədris işləri üzrə direktoru Elxan Nəcəfovun da bir neçə il öncə dərc olunmuş maraqlı bir yazısı var və orada bir çox mübahisəli məqamlara toxunulub.

Bildiyimiz kimi, "Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanaraq 2004 və 2013-cü illərdə çap olunub.

2004-cü ildə nəşr olunan lüğətə 80 mindən artıq, 2013-cü ildə yenidən və belə desək, təkmilləşdirilmiş nəşrə isə 110 563 söz daxil edilib və bir çox sözün yazılışı mübahisə predimetidir.

Əksər dilçilər kimi Elxan müəllimin də fikrincə, bu söz "alğı-satqı" kimi yazılmalıdır. O, bunu dilin qrammatik qaydaları baxımdan izah edir: "Göründüyü kimi, yeni lüğət söz ehtiyatının çoxluğu və düzəlişləri ilə olduqca əhəmiyyətlidir. Amma bununla belə müəyyən mübahisəli məqamlar hələ də qalır. Belə ki, "alqı-satqı" sözünün "alğı-satqı" şəklində yazılması, fikrimcə, daha doğru olardı. Çünki cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılmalı olduğu qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün "alğı-satqı" olmalıdır".

Hətta orta məktəb dərsliklərində və TQDK-nın vəsaitlərində, orfoqrafiya qaydalarında bu söz "alğı-satqı" şəklində yazılıb.

Maraqlı və mübahisəli sualdır: bu sözü necə yazmalıyıq?

- Quruluşuna görə düzəltmə sözdür, feldən ("al") isim (alğı") düzəlib.

Yəni feldən isim düzəldən və 4 cür yazılan -qı4(ğı4) şəkilçiləri cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəklində işlədilir. Bu isə Azərbaycan dilinin qrammatikasının tələbidir. 

Deməli, nəzəriyyəyə əsaslansaq, sözün "alqı-satqı" kimi yazılması qrammatik normanın pozulmasıdır. Bu həm də fonetik normanın pozulması hesab oluna bilər. Çünki dildə sözlərin yazılışı, yəni orfoqrafiya qaydaları fonetik, morfoloji və tarixi-ənənəvi prinsipə əsaslanır. 

Bu sözün "alqı-satqı" kimi yazılması nəzəriyyəyə istinad edənlərin ortaya yeni arqumentlər qoymasına da əsas verir. Məsələn, dilimizdə "yarğı", "çalğı", "pusqu" kimi sözlər qrammatikanın bəhs etdiyimiz tələbinə uyğundur. "Yar-ğı" və "çal-ğı" sözlərində hər iki söz cingiltili samitlə "r", "l" bitdiyi üçün əlavə olunan şəkilçi -ğı, "pusqu" sözü isə kar samitlə ("s") bitdiyi üçün əlavə olunan şəkilçi - "qı" ilə başlayır.

Amma mən bu sözün "alqı-satqı" kimi yazılmasının tərəfdarıyam və 2013-cü ildə nəşr olunan lüğətdəki qaydanı doğru hesab edirəm. Çünki burada prinsip "cingiltilidən sonra cingilti samitlə başlayan səs gəlməlidir" deyil, əsas nəzəri prinsip səsuyuşması prinsipidir. Samitlərin təsnifində (dərin təsnifində) "ğ" və "g"   samitləri "q" və "k" samitlərinə nisbətən daha səsli (yəni sait xüsusiyyətli) səslərdir. Ona görə də əgər "cingiltilidən sonra cingiltili samitlə başlayan səs gəlməlidir" prinsipi əsas götürülsə, o zaman "al-qı" sözündə də "q" cingitilidir və tələb pozulmur. Deməli, tələb bu deyil...

Bəs niyə bu sözün "alqı-satqı" kimi yazılmasının tərəfdarıyam? Burada bir neçə məqama diqqət yetirmək lazımdır:

- Birincisi, bu söz "alqı-satqı" şəklində daha ümumişləkdir. Eyni zamanda "alğı" şəkildə tələffüzü və yazılışı dildə ağırlıq yaradır. Nəzərə alsaq ki, fonetik norma həm də sözlərin asan tələffüzünə və yazılışına əsaslanır, onda bu versiya daha doğrudur. Yəni "çalğı" sözü "çalqı", "yarğı" - "yarqı", "pusqu" - "pusğu" kimi necə ağırlıq yaradırsa, "alqı" da "alğı" kimi eyni ağırlığı yaradır. 

- İkincisi, yuxarıda qeyd etdiyimiz sözlərin heç biri mürəkkəb söz kimi işlədilmir. Ona görə də "alqı-satqı" sözündə ikinci tərəfin - "satqı" - tələbilə bu sözün "alqı" kimi yazılışı da normaldır. 

- Üçüncüsü, dildəki istisnaları bu sözə də aid etməklə, sözün "alqı-satqı" kimi yazılışını doğru hesab etmək və son nəşrdəki yazılışa haqq qazandırmaq olar.

İstisnaları təsadüfən, misal çəkmədim. Məsələn, dərəcə əlaməti qrammatikada ancaq sifətə aiddir, amma "Büsbütün" sözü zərfdir və dildə geniş istifadə olunur. 

Bir sözlə, mən bu məsələlərdə nəzəriyyənin yanında deyiləm. O ki qaldı orfoqrafiya lüğətində hələ də mövcud olan problemlərə, təbii ki, Azərbaycan dilçiliyində ciddi islahatlara ehtiyac var və bu islahatlar Konstitusiyaya dəyişikliklərdən daha vacibdir...

Deyəsən, uzun oldu.

Yeri gəlmişkən, mövzuya maraq göstərənlərin də fikirlərinə hər zaman ehtiyac var...