Anası məhkəmələr önündə çarəsiz qalan "Quska"

Anası məhkəmələr önündə çarəsiz qalan

11-03-2024 17:59 / Bu xəbər 2064 dəfə oxundu


Rüfət Səfərov
Hüquq müdafiəçisi
 
Fotoda gördüyünüz (foto yazının sonunda. red) biçarə xanım Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevadır. 

Bakı Apelyasiya Məhkəməsinin qarşısında əyləşən ana nə edəcəyini, kimdən və haradan kömək istəyəcəyini bilmir, yəni çarəsiz bir haldadır.

İbrətamiz tablodur, lakin bu barədə bir qədər sonra, hələliksə, xüsusilə, "Z" nəslinə bu sualın cavabını vermək istəyirəm:

Hüseyn Abdullayev kimdir?

"Quska” ləqəbi ilə məşhur olan Hüseyn Abdullayev uzun illər hazırkı hakimiyyətə cani-dildən xidmət etmiş adamdır.

O, mərhum dövlət başçısı Heydər Əliyevə çox yaxın biri kimi fərqlənib. Daha doğrusu, güclü maliyyə imkanlarına malik olan "Quska” ən ağır vaxtlarında Heydər Əliyevə xidmətlərini təklif edib. Bu, Naxçıvan MR-da - 1990-93-cü illərdə olub. 

YAP hakimiyyəti qurulanda isə Hüseyn Abdullayev intəhasız səlahiyyət sahibinə çevrilib, yəni Heydər Əliyev Hüseyn Abdullayevin qulluğunu yüksək qiymətləndirib.

Ölkənin hazırki rəhbəri İlham Əliyevin hakimiyyətə gəlməsində də ciddi rolu olub "Quska”nın.

Dostluğumda olan gənc nəslin nümayəndələri, biləsiniz ki, Hüseyn Abdullayev cəza dəstələri təşkil edib, mitinqçilərə, etirazçılara, müxalifətçilərə divan tutmağı tapşırıb. Təbii, tapşırıqlar amansız şəkildə icra edilib.

2007-ci ilədək Hüseyn Abdullayev hakimiyyətin yanında böyük nüfuz və hörmət sahibi kimi seçilib.
 
Bir növ özünü tam toxunulmaz sayıb-sistemə xidmətləri müqabilində. Amma təcrübə göstərib ki, "Quska” arxayınçılığa qapılmaqda düz etməyib. 

İş elə gətirib ki, 2007-ci ilin martında Hüseyn Abdullayevlə Fəzail Ağamalının sözləri Parlamentdə "çəp" gəlib. Ağamalı Abdullayevə hücum edib, Abdullayev də Ağamalını yumruqla vurub, təxminən yerə sərib. 

Bundan sonra Abdullayev deputat toxunulmazlığından məhrum edilib, barəsində cinayət işi başlanıb, həbs edilib.

Bir müddət sonrasa azadlığa buraxılıb. Provokator Ağamalıya isə "gözün üstə qaşın var” deyən olmayıb.

Azadlığa çıxdıqdan sonra Abdullayev mühacirətə gedib. Oradan siyasi tövbə edib, faəl surətdə müxalif mövqe sərgiləyib, hətta etirazçı təbəqələrçün "Susma” marşını yazıb, hökuməti və rəhbərlərini sərt şəkildə tənqid edib.
 
Bütün bunlar cəmiyyətin Abdullayevə qarşı münasibətini dəyişməyib, çünki yuxarıda dediyim kimi, əvvəlki illərdə nəzarətində olan cəza dəstələri hakimiyyət əleyhdarlarına divan tutub, döyüb, işgəncə verib, sürüyüb.

Günün birində Hüseyn Abdullayev Türkiyəyə səfər edib, Ərdoğan hökuməti keçmiş deputatı məmnuniyyətlə saxlayıb, Əliyev hakimiyyətinə təhvil verib.

Abdullayevə irəli sürülən cari ittihamların siyasi yükü şübhə doğurmayıb, çünki o, zamanında törətdiyi ictimai təhlükəli hərəkətlərə görə deyil, etmədiyi cinayətlərə görə mühakimə olunub və elə buna görə də BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupu Azərbaycan hökumətini keçmiş deputatı dərhal azad etməyə çağırıb.

2018-ci ildə Bakıya ekstradisiya edilən Hüseyn Abdullayev qanunsuz sahibkarlıq, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib, 2019-cu ildə ittiham hökmü çıxarılıb, 6 il müddətinə azadlıqdan məhrum edilib. 

"Quska” məhkəmədə ağlayıb, göz yaşı töküb, lakin Bakı, əlbəttə, göz yaşlarına inanmayıb.

Abdullayevin cəza müddətinin bitməsinə 47 gün qalmış ona növbəti ittiham elan edilib, o, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında təqsirləndirilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Və...

...Girişdə yazdığım kimi, bir zamanlar hakimiyyətin 1 saylı dəyənəyi olan adamın anası bu gün məhkəmə önündə, pilləkəndə əyləşib ağlayır, imdad diləyir, oğlunun taleyindən narahatdır.

Bu fotoya hazırda hakimiyyətin repressiya siyasətində mühüm rol alan şəxsləri, ağına-bozuna baxmadan adamları əzənləri, "Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayıb, sabahını düşünməyənləri diqqətlə baxmağa, nəticələr çıxarmağa dəvət edirəm.

Əmin olun ki, sizlərdən heç biri bu hakimiyyət üçün "Quska”dan artıq deyilsiniz. 

İnanın ki, sizlərdən heç biri bu hakimiyyətə "Quska”dan artıq xidmət etməyib, zorakı sistemin mənfəətiçün o həddə dəridən-qabıqdan çıxmayıb.

Lakin "Quska”nın anası Zeynəb xanımın vəziyyətinə baxıram, açığı, ürəyim ağrıyır. Durum təsəlli verməyi də çətinləşdirir. Çünki Azərbaycanda bir mafiya quruluşu hakimdir. Oğlu Hüseyn isə bu təsisatın mühüm komponenti olub. Günün birində mafioz təsisata zidd çıxıb, elə mafiya qanunlarına uyğun surətdə də cəzalandırılıb. Bu sistem qaldığı müddətdə Abdullayevin oradan sağ-salamat çıxacağını gözləmək əbəsdir...

Hə, yadımdan çıxmışdı, gənclər, sizin üçün maraqlı ola bilər: Əli Həsənov (ölkə başçısının sabiq köməkçisi) və Rövnəq Abdullayev var ey?  

Hər ikisi 80-ci illərin sonlarında "Quska”nın əl buyruqçusu olublar. Həsənovun vəzifəsi konkret olub - qapançı. 

Uzun illər sonra müdirləri həbsə atılanda isə onu təhqir ediblər, aşağılayıblar...
 Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva