Arif Hacılı: Azad Həsənov aclıq aksiyasını dayandırıb

Arif Hacılı: Azad Həsənov aclıq aksiyasını dayandırıb

31-07-2019 13:27 / Bu xəbər 1507 dəfə oxundu

Penitensiar Xidmət: Azad Həsənov aclıq aksiyasını dayandırıb

Penitensiar xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azad Həsənov aclıq aksiyasını dayandırıb.

Bu barədə "Report"a Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. 

"Azad Həsənov vəkilinin yanında saxlandığı müəssisəsinin rəhbərinin adına ərizə yazaraq aclığı dayandırdığını bildirib", - deyə M.Sadıqov qeyd edib.

Müsavat başqanı Arif Hacılı da Azad Həsənovun aclıq aksiyasını dayandırdığını deyib: "Azad Həsənov Müsavat Partiyasının qərarını, ailəsinin və bizim xahişimizi nəzərə alaraq bu gün aclıq aksiyanı dayandırıb". 

İyulun 25-də isə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Azad Həsənovun aclıq aksiyası keçirməsini təkzib etmişdi. 

O, Arqument.Az-a bildirmişdi ki, məhkum aclıq aksiyasına başlamasına dair rəsmi müraciət etməlidir: "Bu gün ərzində tabeliliyimizdə olan qurumlarla əlaqə saxlamışıq. Heç bir məhkum aclıq aksiyası keçirmir. Məhkum aclıq aksiyasına başlanması ilə bağlı rəsmi müracir etməlidir və bu halda o, həkim nəzarətinə verilir. Onu digər məhbuslardan ayırırlar. Amma belə bir fakt qeydə alınmayb".

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. 

Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin siyasi motivli olduğunu bəyan edib. 

Yerli və beynəlxalq insan haqları təşkilatları da Azad Həsənovu siyasi məhbus hesab edir.