AŞNK Azərbaycanla bağlı 3 qətnamə qəbul etdi, qanunu dəyişdirməyə çağırdı

AŞNK Azərbaycanla bağlı 3 qətnamə qəbul etdi, qanunu dəyişdirməyə çağırdı

26-09-2023 02:42 / Bu xəbər 938 dəfə oxundu

Ötən həftə Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 1475-ci toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə edilib.

Üç gün davam edən toplantının gündəliyinə Azərbaycanla bağlı 10-dan artıq qərarın icra durumu da daxil edilib.

AŞ NK Azərbaycanla bağlı 3 qrupa daxil olan qərarların icrasını incələyib.

"Mahmudov və Ağazadə qrupu”nda AİHM-in Azərbaycanla bağlı jurnalistlərlə əlaqəli qərarlarının icrasına nəzarət edilir.

Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır. Eyni zamandan, diffamasiyaya görə, azadlıqdan məhrumetmə cəzalarının ləğvini nəzərdə tutur.

"Xədicə İsmayılova qrupu” çərçivəsində AİHM-in Xədicə İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir.

Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır.

Bu qrup işinin icrası çərçivəsində Azərbaycan hökuməti jurnalistlərin effektiv qorunması mexanizmi yaratmalı, jurnalistlərə qarşı yol verilən cinayətlərin araşdırılmasını, ifadə və şəxsi həyata hörmət hüququ ilə bağlı məhkəmə təcrübəsinin inkişaf etdirilməsini təmin etməlidir.

Müzakirə olunan 3-cü qrup işi – "Anar Məmmədli qrupu”nda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir.

Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK müzakirələrin sonunda hər 3 qrupla bağlı qətnamə qəbul edib.

"Mahmudov və Ağazadə qrup” işi ilə bağlı qətnamədə AŞ NK "səlahiyyətləri nifrət nitqi və ya zorakılığa təşviq halları kimi istisna durumlarda diffamasiyaya görə cinayət təqibindən istifadə edilməsi ilə bağlı prokurorluq orqanlarının təcrübəsini təkmilləşdirməyə çağırır, qanunvericiliyin dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində yaşanan ciddi gecikmələri böyük narahatlıqla qeyd edir, hakimiyyət orqanlarını çoxdan gözlənilən qanunvericiliyin dəyişdirilməsi prosesini daha da sürətləndirməyə çağırır.

"Xədicə İsmayılova qupu” ilə bağlı qətnamədə "Media haqqında” Qanunun dəyişdirilməli olduğu vurğulanır.

"Səlahiyyətliləri, "Media haqqında” Qanunu Avropa Şurasının standartları ilə tam uyumlu hala gətirmək üçün nəzərdə tutula biləcək bütün konkret tədbirləri işləyib hazırlamağa çağırır və qüvvədə olan qanunvericiliyin çərçivəsinin jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etməyə imkanı verən əlverişli mühit yaratmasını təmin etmək məqsədilə həll edilməmiş məsələləri çözməyə qətiyyətlə təşviq edir”, – sənəddə vurğulanır.

AŞ NK "Anar Məmmədli qrupu” ilə bağlı qətnaməsində 7 ərizəçinin məhkumluqlarının ləğvini tələb edib.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.