Avropa İttifaqının Ermənistana mülki missiya göndərəcəyi bildirilir

Avropa İttifaqının Ermənistana mülki missiya göndərəcəyi bildirilir

11-10-2022 19:32 / Bu xəbər 913 dəfə oxundu

Bu barədə qərar Siyasi və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib

Avropa İttifaqının səfirləri etimadı gücləndirmək və delimitasiyanı asanlaşdırmaq üçün Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. 

Mülki missiya Azərbaycanla sərhədə yerləşdiriləcək.

"Azatutyun” diplomatik mənbələrə istinadən xəbər verir ki, bu barədə qərar Siyasi və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib.

Məlumata görə, hazırda onun icrasının təfərrüatları müzakirə olunur: neçəsi hansı ölkələrdən olacaq və Ermənistana nə vaxt gələcək.

"Missiyanın gələcəyi aydındır”, – Brüssel diplomatik mənbəsi "Freedom”a bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar dünən Avropa Parlamentinin Müdafiə Məsələləri Komitəsində missiyanın əhəmiyyətindən danışıb.

"Avropa İttifaqının sülhsevər səylərinin reallaşdırılması üçün üzv dövlətlərin, eləcə də Avropa Parlamentinin tam dəstəyi son dərəcə vacibdir”.

Rusiya Aİ-nin Ermənistanın Azərbaycanla sərhədinə mülki missiya göndərməsinə qarşıdır.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı açıqlama verib. Kreml hesab edir ki, Qərb Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq istəyir.

Ermənistana mülki missiyanın göndərilməsi ilə bağlı razılaşma ötən həftə Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderlərinin saatlarla davam edən danışıqları nəticəsində əldə olunub. 

O vaxta qədər Avropa İttifaqının Ermənistanla sərhəddə silahlı qüvvələrin yerləşdirilməsi təklifini rədd edən Bakı silahsız missiyaya etiraz etməyib, eyni zamanda "müvafiq olduğu qədər” əməkdaşlıq edəcəyini vurğulayıb.