Ramin Hacılıya 7 il 7 ay həbs cəzası verildi: “Sizin balanız yoxdur?”
27-10-2022 01:29 / Bu xəbər 975 dəfə oxundu
"6 gündür su da içmirəm”
"Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də "No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılının işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb.
Bu hökmdə onun üzərindəki əvvəlki cəzaları da nəzərə alınıb.
Məhkəmədə hökmdən əvvəl Ramin Hacılı yazılı vəsatət təqdim edərək, təcili tibbi yardım çağırılmasını istəyib.
O bildirib ki, 6 gündür aclıq edir, lakin onun səhhətilə maraqlanan yoxdur.
Hazırda da vəziyyətinin yaxşı olmadığını vurğulayıb: "Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxsə baxılmır. 6 gündür su da içmirəm. Heç kim maraqlanmır. Mən Azərbaycan vətəndaşıyam. Dustağı bir də dustaq edirsiniz? Sizin mənə münasibətiniz budur. Siz dövlət adından qərar verirsiniz. Təcili yardım çağırın. Azad Məcidov, MTN-də Mövlanı tanıyırsınız da. Bilirsiniz onun aqibətini? Bilinməyən mütəşəkkil dəstənin üzvüyəm mən? Prokurorluq o qədər zəifdir ki, fakt tapa blmir. Prokuror Ariz müəllim, sizin balanız yoxdu? Başına gəlməyəcək bunun nəticəsi? Bu ölkənin vətəndaşları sizin üçün nədir? Hardadır mütəşəkkil dəstə? Hanı mənimlə birlikdə cinayət törədənlər?”
Ramin Hacılının işinə baxan hakim Azad Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim gəlməmişdən öncə MTN-in İstintaq İdarəsində müstəntiq işləyib.
Bir ay öncə 12 il həbs cəzası alan general Mövlam Şıxəliyev də həmin idarənin rəisi olub.
Ramin Hacılının vəsatəti təmin edilməyib – məhkəməyə təcili tibbi yardım çağırılmayıb.
Ramin Hacılının vəkili Rəşad Əliyev də bildirib ki, müvəkkilinə qarşı ittihamlar məhkəmədə sübuta yetirilməyib.
Vəkil vurğulayıb ki, Ramin Hacılıya mütəşəkkil dəstə ittihamı verilsə də, o, heç bir mütəşəkkil dəstənin üzvü olmayıb.
Müdafiəçinin sözlərinə görə, ittihamdan aydın deyil ki, Ramin Hacılı mütəşəkkil dəstənin başçısıdır, yoxsa üzvü?
"Mütəşəkkil dəstə ortada yoxdur. Ramin Hacılının kiməsə pul verməsi, pul alması, pulun bölünməsi, cinayətə kimisə cəlb etməsi faktları yoxdur. Bu, necə mütəşəkkil dəstədir? Ramin Hacılı viza dəstəyi göstərən turizm şirkətinin rəhbəri olub. O, xarici ölkəyə getmək istəyənlər üçün səfirliyə təqdim etməyə sənədlərini hazırlayıb. Bundan da qazanc götürüb. Ramin Hacılı heç kimi aldatmayıb, dələduzluq yoluyla əmlakını ələ keçirməyib, ziyan vurmayıb. Ramin pulu alıb viza üçün sənədləri hazırlayıb, onların biletini alıb, qalan məbləği özünə qazanc götürüb. Şahid kimi məhkəmədə dindirilən şəxslər də bunu etiraf edir. Cəmi iki nəfər deyir ki, Raminin onlara borcu var. Ramin də bunu etiraf edir ki borcum var. Ramin demir ki həmin pulu vermirəm? Bu borc münasibətidir. Hətta o borcun da bir hissəsini qaytarıb”, – vəkil bildirib.
Vəkilin çıxışından sonra Ramin Hacılıya son söz demək təklif olunub. Lakin o, sağlıq durumunun buna imkan vermədiyini bildirərək, məhkəmədən vaxt istəyib: "Arqumentlərimi səsləndirməyə imkanım yoxdur, səhhətim imkan vermir”.
Hakim Azad Məcidov Ramin Hacılının cavabını son sözdən imtina kimi qiymətləndirib və müşavirəyə yollanıb.
Bir neçə dəqiqəlik müşavirədən sonra hökm elan edilib.
Ramin Hacılı ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən "Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib.
Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır, lakin onlar həbsdə deyil.
Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Ramin Hacılı illər öncə "Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub.
O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib.
O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib.
O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.
O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.
Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.(Meydan TV)