Qızı Tofiq Yaqublu ilə görüşüb: "Su içdi, amma aclığı dayandırmadı"

Qızı Tofiq Yaqublu ilə görüşüb:

15-01-2023 17:04 / Bu xəbər 743 dəfə oxundu

"Nəhayət ki, atayla görüşdük. Bu dəfə həkim Adil Qeybulla ilə ikimizə bir yerdə görüş verdilər. Ata məni görəndə çox sevindi. Söz verdiyi kimj mənlə görüşdüyü üçün su içməyə razılaşdı. Ancaq aclığı dayandırmayacağını bildirdi".

Bunu hazırda həbsdə olan və aclıq aksiyası keçirdiyi üçün xəstəxanaya köçürülən Tofiq Yaqublunun qızı Nigar Həzi yazıb.

Nigar Həzi bildirib ki, aclıq akasiya Tofiq Yaqublunun sağlamlığına ciddi təsir edib: "Çox arıqlamışdı, rəngi sapsarıydı, ayaq üstə kiminsə köməyi olmadan rahat dura bilmir. Hərəkət edəndə hər an yıxılmaq təhlükəsi yaranır. Buna baxmayaraq həkimin ona qida tərkibi olmayan sistem köçürməsinə razı olmadı. Susuzluq onu tamam haldan salmışdı. Həkim gələn kimi təzyiqini və saturasiyasını ölçdü. Bildirdi ki, aclıq etdiyi günlərə görə adekvatdır".
 
"Mənimlə görüş ona çox müsbət təsir etdi. Dedi ki, hər dəhlizdən qadın səsi gələndə elə bilirdim ki, gələn sənsən. Sən olmadığını anlayanda məyus olurdum. Uzun müddət yuyunmadığı üçün atanın gigiyena ehtiyaclarını qismən də olsa, qarşılamasına yardım etdim. Bundan sonra bir xeyli yüngülləşdi və özünü rahat hiss etdi. Ata ona dəstək olan hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirdi", - deyə Nigar Həzi qeyd edib. 

O həmçinin bildirib ki, vəkil Nemət Kərimliyə Tofiq Yaqublu ilə görüşə görüşə icazə verilməyib. 

Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.

O, həmin gün Səbail rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.

Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkiblər.

Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir.

"Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək Tofiq Yaqublunu götürüb aparırlar.

Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.

Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanılıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu isə yanvarın 7-dən ona dəstək olaraq, başladığı aclıq aksiyasını davam etdirir.

Yanvarın 10-da axşam saatlarında onun durumu pisləşib, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, Maya Yaqublu aclığı dayandırmayıb.

Həmçinin müsavatçı fəal Əziz Məmiyev və 13 AXCP üzvü də Tofiq Yaqubluya dəstək məqsədilə başladıqları aclığı davam etdirir.

Yanvarın 11-də həkim Adil Qeybulla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhətiylə siyasətçi ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.

Bundan öncə 2021-ci il dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı.

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı.

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi.

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi.

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib və belə nəticəyə gəlib ki, Tofiq Yaqublu özü-özünə xəsarət yetirib.

Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.

Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.