Avtoritarizmin atributu oyuncaqlardır
09-08-2023 14:11 / Bu xəbər 1221 dəfə oxundu
Rövşən Əliyev
Avtoritarizmin ayrılmaz atributu oyuncaqlardır.
Dünyada ən nəhəng, ən təhlükəli oyuncaqlar Putinlə Kim Conqun əlindədir: atom bombası.
Silahlı qüvvələr ölkədə vətəndaşın; dünyada ticarətin, biznesin keşiyində deyilsə, sadəcə, təhlükəli oyuncaqdır.
Ümumiyyətlə, böyük sərmayə hesabına başa gələn və əlavə dəyər gətirməyən hər şeyə oyuncaq demək olar.
Avtoritarizm hər kəsin əyninə bir oyuncaq biçir.
Güclü liderin əynindəki atom silahıdırsa, zəiflədilib impotent hala gətirilmiş ziyalının əyninə biçilən oyuncaq da fəxri adlar və mükafatlardır.
Cəmiyyətin böyüməsi üçün oyuncaqların dəfni lazımdır.
Yalnız uşaq oyuncaqlarını dəfn eləmək olmaz.
Sovet dövründə şair kimi qeydiyyatdan keçmiş minə yaxın həmvətənimiz arasında şair deyə biləcəyimiz 3-4 nəfərdən biri olan Əli Kərimin vəsiyyət şeirindən:
"Tabutuma oğlanlarımı
yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora,
Qoymayın onları
həyətdən bir adam çağıra,
Oyuncaqlarını,
oyunlarını gətirib
qoyarlar tabutuma.
Birdən-birə
qocalarlar".
Təəssüf ki, şair öldü, yaxşı ki, titutlsuz öldü.
Təəssüf ki, şairin körpə uşaqları qəfil qocaldılar.
Amma titullu sənətçilər nə böyüdülər, nə ağla-kamala çatdılar.
70 illik yubileylərində özləri oyun-oyuncağa çevrildilər.