Avtoritarizmlə totalitarizm arasındayıq - Azər Qasımlı yazır

Avtoritarizmlə totalitarizm arasındayıq - Azər Qasımlı yazır

27-12-2017 00:53 / Bu xəbər 2602 dəfə oxundu

Azər Qasımlı 

Ölkənin gedişatı çox pisdir. Biz artıq avtoritar rejimlə totalitarizmin arasındayıq. Bir politoloq kimi totalitarizm sözünün anlamını yaxşı bilirəm. Çox ağır sözdür. Lakin artıq biz ona doğru irəliləyirik. Yazdıqlarımı faktlarla sübut edim:

1. Ölkədən çıxışa qadağa praktikası. İnsanları ölkədən xaricə buraxmamaq tam totalitar bir zehniyyətin məsuludur. Totalitar ölkələrdə əsas məqsəd o idi ki, vətəndaş xaricə gedib başqa sistemi görə bilər, xaricilərlə ünsiyyətdə ola bilər və nəticədə gördüklərini, öyrəndiklərini öz ölkəsində digər vətəndaşlara danışa, paylaşa bilər. Bununla da sistemin daxili sütunlarını laxlada bilərlər. Bizim indiki iqtidarımız eyni şəkildə düşünmürmü? Ölkədən çıxışına qadağa qoyulan siyasətçilər, QHT rəhbərləri, jurnalistlər, aktivistlər xaricdə, ABŞ-da, Avropada konfranslarda ola, xarici media ilə görüşə, siyasətçilərlə ünsiyyətdə ola bilərlər və Əliyevlərin ölkənin yeganə "danışılacaq adam" olduqları fikrini dağıda bilərlər. Bu gün ölkədən çıxışa qadağanı yalnız müxalif yönümlü adamlara qarşı tətbiq edirlər, yəni siyasi (siyasətçi demək deyil!) məqsədlə edirlər. Lakin bu totalitarizmin başlanğıcıdır. Birinci müxalif düşüncə sahiblərinə qarşı edilir bu, sonra hamıya qarşı. Sadəcə haradasa, məsələn bir məclisdə, toyda, yasda, ad günündə, işdə, avtobusda deyilən hansısa söz, mimika belə hakimiyyət tərəfindən təqib olunmağa gətirib çıxara bilər. Ölkəmizdə gedişat budur.

2. Müxalif düşüncəli adamları teatra buraxmamaq. İndiki mərhələdə səbəb hakimiyyətin və ya hakim ailənin nümayəndələrinin eyni teatrda olmasıdır. Lakin bu başlanğıcdır. Bu birinci faktdır ictimailəşən. Yavaş yavaş normaya çevriləcək. Çünki cəmiyyət susur və bunu edən adamlar cəzalandırılmır. Cəzasızlıq isə normaya çevrilir. Müxalif yönümlü vətəndaşları ictimai yerlərə buraxmamaq - siyasi təqibin ən iyrənc formasıdır ki, bizdə bu var artıq. Sabah belə hərəkət hər kəsə qarşı ediləcək. Ölkəmizdə gedişat budur.

3. Qohumlar və ailə üzvləri öz yaxınlarından imtina etmək məcburiyyətində qalır. Faktlar çoxdan da çoxdur. Bu praktika isə totalitar rejimlərdə ən çox yayılmış praktikadır. SSRİ-nin Pavlik Morozov nümunəsini xatırlayın. İndi bizdə qohumlar öz yaxınlarını hətta toya belə çağırmağa çəkinirlər. Birdən onları işdən çıxararlar, mülklərini əllərindən alarlar. Cəmiyyətdə qorxu xofunun yaradılması totalitar rejimlərə xas olan əsas "atributlardandır". Ölkəmizdə hazırki qedişat budur.

4. İntellektual kəsim ya ölkəni tərk edir (hələ ki, bu mümkündür!), ya da şüuraltı qorxusunu ört-basdır edərək hakimiyyətə loyallıqlarını göstərmək məcburiyyətində qalır (hamıya aid deyil!). Vaxtı ilə SSRİ-də də ilk mərhələdə hakimiyyət qüvənmədiyi intellektual kəsimə ölkəni tərk etmək üçün imkan yaratmışdı. Gedənlər getdi. Qalanlar isə ya sistemə inteqrasiya olundular ya da Sibirə sürgünə göndərildilər. Eynisi olmasa da bugünkü Azərbaycanla müəyyən paralellər aparmaq mümkündür. Ölkəni minlərlə intellektual tərk edir. Qalanlar loyal davranır. Kiçik bir hissəsi də ya həbsdədir (Sibirdə!), ya da təqib olunur. Hələ ki, qüllələmirlər. Çünki AŞ üzvüyük və ölüm cəzasına moratoriy (qadağa) var. Sabah AŞ-dən çıxsaq necə olacaq? Çox asanlıqla ölüm cəzasını da bərpa edərlər. Onlar etsələr siz nə edəcəksiniz, qarşı çıxa biləcəksinizmi? Bax, ölkədə gedişat budur.

Məncə, yuxarıda sadaladığım 4 fakt tam yetərlidir ki, ölkəmizdə artıq totalitar rejimlərə xas olan praktikalardan aktiv şəkildə istifadə edilməyə başlayıblar. Son təklifi, ictimai əsayişi təmin etmək üçün ordudan istifadəni də leqallaşdırsınlar dövlətin artıq bir Leviofana (əjdaha, - Hobbsu oxuyanlar bilir!) çevrildiyi tamamlanacaq.

SSRİ-də ilk mərhələdə inqilab edənlər ölkəni idarə edirdi. Əksəriyyəti də ideyalı adamlar idi. Sonra onların yerinə sovet məktəbini keçən yeni nəsil gəldi, ruhsuz, yaxşı təhsil almış, lakin ata-babalarından, köhnə kommunistlərdən daha sinik, daha sırtığ və acgöz. Yeni nəsil menecerlər! İndi bizdə də aşağı-yuxarı eyni proses baş verməkdədir. Ərəb şeyxləri də uşaqlarını və nəvələrini LSE-də və Harvardda oxutdurub. İndi həmin yeni nəsil ölkənin siyasi menecerliyini həyata keçirir. Lakin ərəb monarxiyalarının mahiyyəti bununla dəyişməyib. Bizdə hələ ki, bu proses tam axarı ilə getmir, yəni üzdə də olsa keyfiyyətli nəsil dəyişikliyi yoxdur. Sadəcə, bir-iki nümunəyə istinad edərək siyasi PR cəhdini görürük. Bu piarın məqsədi də bəllidir.

Bu gün siyasi palitramda qara və tünd rənglərlərdən istifadə etdim. Lakin olanı və həqiqəti yazdım. Çıxış yolu varmı? Çıxış yolu hər zaman var. Onu da yazacağam. Əsas olanı elə odur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.