AXCP fəalı 5 il azadlıqdan məhrum edilib

AXCP fəalı 5 il azadlıqdan məhrum edilib

01-04-2024 15:51 / Bu xəbər 505 dəfə oxundu

Hakimlər Elxan Əliyevə son sözünü deməyə imkan verməyiblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, 9 aydır ki, həbsdə olan Elxan Əliyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, AXCP fəalı 5 il azadlıqdan məhrum edilib.

Bu hökmü Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Prosessual qaydalara görə, təqsirləndirilən şəxslər məhkəmədə son sözünü deyəndən sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedir. Lakin Elxan Əliyev son sözünü deyə bilməyib. Çünki o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Lakin hakimlər ona çıxışa hazırlaşmağa və son sözünü deməyə imkan yaratmayıblar.

"Burada dedikləriniz elə son sözünüz kimi qəbul olunur”, – deyərək müşavirəyə gediblər.

Bir neçə dəqiqə sonra geri qayıdıb, hökmü elan ediblər.

Hökmə əsasən, Elxan Əliyevlə birlikdə eyni ittihamla mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevə isə şərti cəza verilib.

Vəfadar Axundov məhkəmə zalında həbsdən azad edilib.

Yusif Əliyev isə həbsdə deyildi, istintaq və məhkəmə dövründə onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham verilib.

Cinayət işində Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından bəhs olunur.

Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir.

Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi.

Elxan Əliyev bildirib ki, Ramo Şükürov müəyyən strukturlarda çalışan qohumlarının olduğunu və onların köməyilə çıxarış alacağını demişdi. Lakin torpaq sahəsini alıb, pulunu verəndən dərhal sonra polis idarəsində şikayətçi olub. Deyib ki, onu aldadıb, sənədsiz torpaq satıblar.

Əvvəllər daşınmaz əmlak alqı-satqısıyla məşğul olan AXCP üzvü vurğulayıb ki, Ramo Şükürov özü israrla ona zəng edib, bağ evi, torpaq sahəsi tapmasını istəyib. Hətta bu şəxsin ona dəfələrlə zəng etməsi, israrla görüşmək istəməsindən də şübhələnib. Bu şəxsin məqsədli şəkildə onun yanına göndərildiyini düşünüb.

Bununla əlaqədar AXCP funksionerlərindən olan dostuna videogörüntü də göndərib. Həbsindən bir neçə gün əvvəl göndərdiyi videoda Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirib.

"Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Amma yenə də əl çəkmir. İndi yenə zəng eləyib, deyir ki, "gedək, çörək yeyək, yaxından tanış olaq”. Bilmirəm ki, nə məsələdir. Hakimiyyətin oyunudur, nədir…”, – Elxan Əliyev videoda deyir.

Bu videogörüntü məhkəməyə də təqdim edilib. Elxan Əliyev əvvəldən hazırlanan təxribat nəticəsində həbs olunduğunu vurğulayıb.

Ramo Şükürovun torpaq sahəsini aldığı şəxsə ödədiyi 57 min manat ona tam şəkildə qaytarılıb. Elxan Əliyev deyir ki, alqı-satqı prosesində makler olaraq, ona 3900 manat pul çatmışdı, o da ödənilib.

Zərərçəkmiş məhkəmədə bildirib ki, pulu qaytarılsa da, şikayətçidir.

Elxan Əliyevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, cinayət işində müvəkkilinin dələduzluq etməsi, saxta sənəddən yararlanmasını təsdiqləyən heç bir sübut-dəlil yoxdur.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var: "Həbsdə olduğu 9 ay ərzində istintaq təcridxanasında bir neçə dəfə vəziyyəti pisləşib. Elxan Əliyev insult keçirmiş adamdır, onu bu vəziyyətə salmaq olmaz. Himayəsində 3 azyaşlı uşağı var…”.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı olan Elxan Əliyev bundan əvvəl də etiraz aksiyalarında və s. dəfələrlə saxlanılıb.

Ona polisin tələbinə tabe olmama ittihamıyla bir neçə dəfə 30 sutkalıq inzibati həbs cəzası verilib.(Meydan TV)