AXCP fəalı mülki geyimli şəxslərin onu dəyənəklə döydüyünü deyir

AXCP fəalı mülki geyimli şəxslərin onu dəyənəklə döydüyünü deyir

24-10-2023 18:32 / Bu xəbər 1338 dəfə oxundu

Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehman Həbibovu mülki geyimli şəxslər döyüblər. 

O, "Turan"a bildirib ki, oktyabrın 11-də axşam saatlarında üç nəfər mülki geyimli onu Qızıldaş qəsəbəsində (Bakının 25 kilometr cənubunda) saxlayıb qara rəngli avtomobilə oturdub.

Fəalın sözlərinə görə, onu qəsəbənin kənarına aparıblar, dəyənəklə döyüblər, ağır sözlərlə təhqir ediblər.

"Onlar mənə deyirdilər ki, "çəkilin qırağa.  Hakimiyyətə gəlmək istəyirsiniz? Biz buna imkan vermərik. Döyəndən sonra məni buraxdılar”, - Həbibov deyib.

Onun bədənində zorakılıq izləri qalıb. 

1 nömrəli şəhər kliniki mərkəzində fəalı müayinə etməyiblər, travmatologiya  xəstəxanasına göndəriblər.

Sabunçu qəsəbəsindəki 3 saylı xəstəxanada rentgen və ultrasəs müayinəsi aparılıb, qançır və döş qəfəsinin travması qeydə alınıb.

Ertəsi gün 38-ci polis bölməsinin əməkdaşı onunla əlaqə saxlayaraq hadisə ilə maraqlanıb: "O dedi ki, məni ekspertizaya göndərəcəklər. Bir həftə gözlədim, amma bir xəbər çıxmadı. Bundan sonra müalicə üçün Gürcüstana getdim", - Həbibov deyib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ araşdırılır.