AZAL parkinq qiymətini qaldırıb: iqtisadçı “qayda yoxdur” deyir

AZAL parkinq qiymətini qaldırıb: iqtisadçı “qayda yoxdur” deyir

09-10-2023 17:43 / Bu xəbər 1530 dəfə oxundu

Ərşad Hüseynov isə mükəmməl ictimai nəqliyyatın işə salınmasını vacib sayır

"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti hava limanı ərazisində minik avtomobilləri üçün parkinq qiymətini qaldırıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Meydan TV-yə məlumat verilib.

Standart 24 saat üçün nəzərdə tutulan 5 manatın üstünə hər yeni gün 15 manat təyin edilib.

"Artıq üç həftədir ki, yeni qiymətlərin tətbiqinə başlanıb”, – hava limanından bildiriblər.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, hər aeroportun öz strategiyası var və qiymətləri də özləri müəyyənləşdirirlər.

Onun sözlərinə görə, bunun üçün hansısa qayda, standart və ya rüsum yoxdur: "Bəzi ölkələrdə insanları hava limanına avtomobillə gəlməyə təşviq etmək üçün parkovka qiymətlərini çox aşağı salırlar. Bəzilərində isə əksinə, lobbiçilik daha güclü olduğuna görə taksi xidmətindən istifadə daha geniş yayılıb. Digər ölkələrdə alternativ variantlar da mövcuddur. Yəni insanlar hava limanına avtobusla, metro ilə də gedə bilirlər”.

"Azərbaycanda isə bu, yoxdur. Hava limanına avtobuslar 30-40 dəqiqə intervalla, həm də şəhərin bir nöqtəsindən işləyir. Paralel olaraq, heç olmasa ictimai nəqliyyatı da düzəltsəydilər, alternativ olardı”, – deyə o bildirib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Meydan TV-yə deyir ki, hava limanından şəhərin əsas nöqtələrini birləşdirən mükəmməl ictimai nəqliyyat xəttinin işə salınmasına ehtiyac var: "Bəzi ölkələrdə piyada məsafəsində metro stansiyası olan hava limanları var. Elə aeroportlar var ki, yaxınlığından tramvay keçir. Çeşidli avtobus marşrutları var. Hava limanına getmək üçün nəzərdə tutulan nəqliyyatlar rahatlıq və qiymət baxımından əlçatan olmalıdır. İstənilən aeroport həm də nəqliyyat qovşağıdır. Orada həm təyyarə, həm də yerüstü nəqliyyatların hamısı mükəmməl xidmət göstərməli, əlçatan olmalıdır”.

"AZAL”dan Meydan TV-yə bildirilib ki, "Baku Bus H1 Airport Express” marşrutu hər gün "28 May” metrostansiyasından saat 06:00-19:00 arası hər 30 dəqiqədən bir, 19:00-21:00 arası hər 40 dəqiqədən bir və 21:00-06:00 arası hər 60 dəqiqədən bir Hava limanı – Şəhər mərkəzi istiqamətində hərəkət edir.

Meydan TV gələcəkdə hava limanına gedən avtobusların sayının və gediş nöqtələrinin artırılması ilə əlaqdar sualı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlayıb, lakin sorğu cavablandırılmayıb.