Gömrük Komitəsi 750 minlik geyim alır: qalib şirkətlə qurum rəhbərliyini nə bağlayır?

Gömrük Komitəsi 750 minlik geyim alır: qalib şirkətlə qurum rəhbərliyini nə bağlayır?

23-11-2023 17:29 / Bu xəbər 1357 dəfə oxundu

Dövlət Gömrük Komitəsi (DGK) gündəlik geyim formalarının satın alınması ilə tenderə yekun vurub. 

"Qaynarinfo" xəbər verir ki, tenderin qalibi "Teymur Collection” MMC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 744 615,4 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Teymur Collection” MMC 27 sentyabr 2021-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 50 000 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. 

MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Cari ilin avqust ayında "Teymur Collection” MMC DGK-nın səhra geyimlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilib. 

Tərəflər arasında 741 960,4 manatlıq satınalma müqaviləsi bağlanıb.

Ümumiyyətlə, 2023-cü ildə şirkət DGK 6 tenderinin qalibi olub. 

Bu sıraya yazıda bəhs etdiyimiz tender də qalibdir. Beləliklə, "Teymur Collection” MMC təkcə 2023-cü ildə Komitə tərəfindən 2 042 010,95 manatlıq sifariş alıb. 

Şirkət avqust ayında keçirilən tenderdə iştirak edərkən 8 969, 62 manat vergi borcu olub. 

"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan etəs də, həmin vaxt qanunun bu maddəsi "Teymur Collection” MMC üçün keçərli olmayıb. 

Şirkətin əsasən DGK-nın keçirdiyi tenderlərin qalibi olması və bu zaman qanun pozuntularına göz yumulması satınalma müsabiqəsinin şəffaflığı barədə şübhələrə yol açır. 

Həmçinin şirkətlə Komitə rəhbərliyi arasında hansısa yaxınlığın olması barədə qənaətin formalaşmasına səbəb olur.