Azərbaycan İsraildən 1,2 milyardlıq havadan müdafiə sistemləri alır

Azərbaycan İsraildən 1,2 milyardlıq havadan müdafiə sistemləri alır

14-11-2023 18:22 / Bu xəbər 1531 dəfə oxundu

Azərbaycanın İsraildən 1,2 milyard dollar dəyərində əlavə "Barak MX” hava hücumundan müdafiə sistemiləri alacağı bildirilir.

Bu barədə "Defense Industry Europe” yazıb.

Bildirilir ki, bir neçə ay öncə "İsrail Aerospace Industries” (IAI) şirkəti Azərbaycanda "Barak MX” sistemlərinin uğurlu nümayişini keçirib.

"İsrail istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri artıq bir neçə ildir ki, Azərbaycanda istifadə olunur. Lakin son nümayiş modernləşdirilmiş versiyaya aiddir. Bunlardan Ermənistanla son vaxtlar intensivləşən münaqişədə çox istifadə olunub”, - məlumatda qeyd edilir.

"Barak MX” modul tipli hava hücumundan müdafiə sistemidir, raket və təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulub.

O həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir və Barak raket ailəsinə aiddir.

"Barak MX” sistemi istənilən mövcud və yeni sensorlarla sadə inteqrasiyaya qadirdir.

Bütün "Barak MX Land Deployable” komponentləri daimi infrastrukturdan idarə oluna və ya yük maşınına quraşdırıla və müvəqqəti əməliyyat sahələrinə yerləşdirilə bilər.

"Israel Aerospace Industries”in məlumatına görə, "Barak MX”in innovativ, proqrama əsaslanan modul yanaşması əməliyyatda təhdidlərə sadə uyğunlaşmanı təmin edərək bütün hava şəraitində, gecə-gündüz fəaliyyət göstərir.

Azərbaycanın rəsmi qurumları bu xəbəri hələ təsdiq etməyib.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 13-də yaydığı məlumatda isə deyilir ki, 2023-cü ilin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri Barak raket ailəsinə daxil olan İldırım (Barak) 8-ER Zenit Raket Kompleksindən atışları icra edib.
 
"Atış çalışmalarında döyüş heyətləri tərəfindən "İldırım 8-ER” Zenit Raket Kompleksinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib”, - nazirliyin məlumatında qeyd edilib.