Azərbaycanda büdcə sağımı

Azərbaycanda büdcə sağımı

09-06-2022 01:38 / Bu xəbər 938 dəfə oxundu

"Dövlət büdcəsi sağmal inəkdir"

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu dövlət qurumlarının büdcəyə ödənişini və büdcədən aldığı vəsaiti müqayisə edib. 

Bu barədə Qubad İbadoğlu "Feysbuk" hesabında yazıb.

O, Hesablama Palatasının rəyinə əsaslanaraq yazıb ki, 2020-ci ildə "Azəriqaz” İstehsalat Birliyi büdcəyə 2,1 milyon manat ödəyib, büdcədən 51,5 milyon manat alıb: "Azərbaycan Dəmir Yolları” QSC-nin ödənişi 10,4 milyon manat, büdcədən aldığı vəsait 695,3 milyon manat, "Azərsu” ASC-nin ödənişi 10,6 milyon manat, büdcədən aldığı vəsait 401,7 milyon manat, "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ödənişi 13,3 milyon manat, büdcədən aldığı vəsait 10 milyon manat, "Azərbaycan Hava Yolları” QSC-nin ödənişi 23,9 milyon manat, büdcədən aldığı vəsait 225,9 milyon manat, "Azərenerji” ASC-nin ödənişi 33,5 milyon manat, büdcədən aldığı vəsait 147 milyon manat göstərilir.

İri dövlət vergi ödəyiciləri adlandırılan, əslində, ödədiyindən qat-qat çox vəsait götürən şirkətlər üçün dövlət büdcəsi sağmal inəkdir. Bir tərəfdən bahalı və keyfiyyətsiz xidmətlərlə əhalini soyan dövlət şirkətləri digər tərəfdən büdcəyə yükdür. İllərdir belə davam edir”.

Qubad İbadoğlu həmçinin bildirib ki, 2021-ci ildə Dövlət Neft Şirkətinin 215,1 milyon manat, "Aqrarkredit” QSC-nin 120 milyon manat, "Azərenerji”nin 101,2 milyon manat, "Azərbaycan Hava Yolları”nın 34,8 milyon manat, "Azərişıq” ASC-nin 22,5 milyon manat məbləğində öhdəlikləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondunun vəsaiti hesabına icra olunub.